Şirniyyatdan imtina etməyin orqanizmə təsiri və şəkərin tamamilə qida rasionundan çıxarılmasının nə dərəcədə düzgün olması maraq doğuran məsələlərdəndir. Xüsusilə əlavə şəkərin azaldılmasının sağlamlığa faydaları, ilk günlərdə yarana biləcək dəyişikliklər və təbii şəkər mənbələrinin qidalanmadakı rolu diqqət çəkir.

Məsələ ilə bağlı Metbuat.az-ın sualını cavablandıran nutrisoloq Lalə Rəsulzadə bildirib ki, şirniyyatı azaltmaq və əlavə şəkərdən uzaqlaşmaq yalnız arıqlamaq üçün deyil, ümumi sağlamlıq baxımından da vacib addımdır. Onun sözlərinə görə, ilk günlərdə şirniyyatdan imtina edən insanlarda müəyyən narahatlıqlar yarana bilər:

“İlk günlərdə şirin istəyi, əsəbilik, baş ağrısı və şirniyyata qarşı güclü meyl yarana bilər. Xüsusilə hər gün şəkər qəbuluna öyrəşmiş insanlarda bu daha çox hiss olunur”.

Şəkərdən tamamilə imtina etmək düzgündür? -

Fotoda: nutrisoloq Lalə Rəsulzadə

Nutrisoloq qeyd edib ki, zaman keçdikcə orqanizmdə bir sıra müsbət dəyişikliklər baş verir. Belə ki, qan şəkərinin kəskin yüksəlib-enməsi azalır, şirniyyata meyl tədricən zəifləyir, enerji səviyyəsi daha stabil olur. Eyni zamanda, artıq kalori qəbulunun azalması çəkiyə nəzarəti asanlaşdırır, diş çürüməsi riskini aşağı salır.

Lalə Rəsulzadənin sözlərinə görə, əlavə şəkərin azaldılması triqliserid səviyyəsi və qaraciyər yağlanması baxımından da müsbət təsir göstərə bilər. O bildirib ki, bu dəyişikliklər dad reseptorlarında da özünü göstərir:

“Dad reseptorlarımız dəyişir, əvvəllər normal hesab etdiyimiz şirniyyatlar bizə həddindən artıq şirin gəlməyə başlayır”.

Şəkərin tamamilə qida rasionundan çıxarılmasının düzgün olub-olmamasına gəlincə, nutrisoloq əlavə şəkəri minimuma endirməyin faydalı olduğunu, lakin bütün şəkər mənbələrindən imtinanın doğru yanaşma sayılmadığını vurğulayıb:

“Çünki meyvələrdə, süd və süd məhsullarında təbii şəkərlər var. Bunlar öz qida dəyəri ilə birlikdə qəbul edilir. Bizim əsas məqsədimiz meyvədən, tərəvəzdən və digər təbii qidalardan qorxmaq deyil, əlavə şəkərdən, şirin içkilərdən, şirniyyatlardan və gizli şəkər mənbələrindən uzaq durmaqdır”.

Nutrisoloq əlavə edib ki, sağlam qidalanma özünə qadağalar qoymaq deyil, düzgün seçimlər etməyi öyrənməkdir. Onun fikrincə, əsas məsələ şəkər qəbulunda balansı qorumaq və qidalanmaya sağlam yanaşmaqdır.