İrlandiyada aparılan araşdırmada içməli sudakı flüorid ilə yaşlı insanlarda idrak qabiliyyətinin zəifləməsi arasında əlaqə aşkarlanmayıb.
Metbuat.az xəbər verir ki, “Trinity College Dublin” alimlərinin “Journal of Dental Research” jurnalında dərc olunan tədqiqatında orta yaşı 65 olan 2 495 nəfərin məlumatları təhlil edilib.
İştirakçıların həyatları boyunca flüoridli suya məruzqalma səviyyəsi və idrak testlərinin nəticələri müqayisə olunub. Daha çox və daha az flüorid qəbul edən qruplar arasında əhəmiyyətli fərq müəyyən edilməyib.
Bununla belə, araşdırmanın bəzi məhdudiyyətləri var. Tədqiqatda çay, qəhvə və qidalar vasitəsilə qəbul edilən flüorid nəzərə alınmayıb. Həmçinin iştirakçıların yalnız 5 faizi erkən uşaqlıq dövründə flüoridli su istehlak edib. Buna görə də uşaqlıq dövründə flüoridə məruzqalmanın uzunmüddətli təsirləri barədə qəti nəticə çıxarmaq mümkün deyil.
Alimlər bildirirlər ki, nəticələr yaşlı insanlarda flüoridli su istehlakının idrak qabiliyyətinin zəifləməsi ilə əlaqəli olduğuna dair sübut aşkar etmir. Lakin əlavə araşdırmalara ehtiyac var.