Çinin elektromobil istehsalçısı “Xpeng” avtomobilin baqajında daşınan uçuş aparatını 2027-ci ildə kütləvi istehsala buraxmağı planlaşdırır. “Aridge” markası ilə hazırlanan “Land Aircraft Carrier” modelinin qiyməti təxminən 300 min dollar (510 min manat) olacaq.

Metbuat.az Türkiyənin "CHIP" nəşrinə istinadən xəbər verir ki, noyabrın sonunda Quançjou şəhərində keçirilən sınaqda uçuş modulu avtomobildən ayrılıb və pilotun idarəsi ilə təxminən 5 dəqiqə havada qalıb.

Modelin əsas xüsusiyyəti uçuş aparatının xüsusi avtomobilin baqajında daşınmasıdır. Avtomobil həm səyyar anqar, həm də enerji doldurma məntəqəsi rolunu oynayır. Uçuş modulu bir dəfə enerji doldurmaqla ən çoxu 20 dəqiqə havada qala bilir. Batareya təxminən 30 dəqiqəyə tam dolur.

Aparat süni intellektli avtopilot, avtomatik eniş və toqquşmanın qarşısını alan sistemlərlə təchiz edilib. Çində uçuşlar hazırkı qaydalara görə 120 metrdən aşağı hündürlüklə məhdudlaşır.

Şirkət ilk növbədə Yaxın Şərq bazarına çıxmağı və satışa 2027-ci ilin ikinci yarısında başlamağı hədəfləyir. Braziliya da nəzərdə tutulan xarici bazarlar arasındadır. Şirkətin məlumatına görə, dünya üzrə 7 mindən çox ilkin sifariş qəbul edilib.

Quançjoudakı zavodun ilkin istehsal gücü ildə 5 min ədəddir. Kütləvi istehsal əvvəlcə 2026-cı ilə planlaşdırılmışdı, sonra 2027-ci ilə keçirilib.

Şirkətin digər layihəsi altı nəfərlik A868 uçuş aparatıdır. Hibrid elektrik mühərrikli model üçün 500 kilometr uçuş məsafəsi və saatda 360 kilometr sürət nəzərdə tutulur. Aparat şaquli qalxma və enişdən üfüqi uçuşa keçid sınaqlarını tamamlayıb.

Qeyd edək ki, “Xpeng” noyabrın 25-də avtomobil satış mərkəzlərində işləyəcək “Iron” adlı insanabənzər robotunu da təqdim edib.