Çinin avtomobil istehsalçısı “Xpeng” şirkətinin yeni insanabənzər robotu “Iron” ilk olaraq ölkədəki avtomobil satış mərkəzlərində satış əməkdaşlarına kömək edəcək.
Metbuat.az “Interesting Engineering” nəşrinə istinadən xəbər verir ki, robot noyabrın 25-də şirkətin Süni İntellekt Günü tədbirində təqdim olunub. Robotlar 2027-ci ilin birinci rübündə Çindəki satış mərkəzlərində işə başlayacaq, ilin sonrakı aylarında isə xarici ölkələrdəki mağazalara göndəriləcək.
“Iron”un hündürlüyü 1,7 metr, çəkisi 62 kiloqramdır. Robot üç “Turing” süni intellekt çipi ilə təchiz edilib. Bu çiplər birlikdə 2 250 TOPS, yəni saniyədə 2 250 trilyon əməliyyat hesablama gücü verir.
Robotun bədənində 1 500-dən çox toxunma sensoru, dörd kamera, bir ultrasəs sensoru və doqquz mikrofon var. Onun 76 hərəkət sərbəstliyi dərəcəsi var. Bu, robotun oynaqlarının 76 müstəqil istiqamətdə hərəkət edə bildiyini göstərir.
“Iron” pilləkənlə qalxa, maili səthdə yeriyə və insanlarla danışa bilir. Şirkət onu insanları əvəz edən yox, gündəlik işlərdə onlara kömək edən əməkdaş kimi təqdim edir.
“Digitimes” nəşrinin məlumatına görə, “Xpeng” robotun kütləvi istehsalına bu ilin sonunadək başlamağı hədəfləyir. Şirkət sentyabrda robot üçün istehsal xəttini işə salıb.
Qeyd edək ki, “Xpeng” fəaliyyətini avtomobil istehsalı ilə məhdudlaşdırmır. Şirkət insanabənzər robotlarla yanaşı, pilotsuz taksilərin hazırlanması üzərində də işləyir.