“Grand Theft Auto VI” (GTA 6) “PlayStation” tarixinin ən böyük satış başlanğıcına imza atıb. Oyun həm istifadəçi sayına, həm də eyni vaxtda platformaya qoşulan oyunçuların sayına görə yeni rekord müəyyənləşdirib.

Metbuat.az mynet.com-a istinadən xəbər verir ki, “Rockstar Games” tərəfindən hazırlanan GTA 6-nı “PlayStation 5” konsolunda 39 milyondan çox unikal oyunçu oynayıb. Bununla da oyun üç onilliyi və beş konsol nəslini əhatə edən “PlayStation” tarixinin ən böyük təqdimatı olub.

Noyabrın 22-də başa çatan təqdimat dövrünün nəticələrinə əsasən, GTA 6 platformada eyni vaxtda ən çox oyunçunun iştirak etdiyi oyun kimi də qeydə alınıb. Beləliklə, layihə çoxoyunçulu, ödənişsiz və təkoyunçulu oyunlar üzrə əvvəlki rekordları geridə qoyub.

Statistikaya görə, PS5 istifadəçiləri oyunda ümumilikdə 683 milyon saat vaxt keçiriblər. Oyunçuların Leonida ştatında keçirdiyi orta müddət isə təqdimatdan sonrakı ilk günlərdə 17,4 saat təşkil edib.

GTA 6-nın təqdimatı yeni PS5 konsollarına marağın artmasına da təsir göstərib. Bayram dövrləri nəzərə alınmadan, konsolun satışa çıxarılmasından sonra ilk dəfə bir gün ərzində ən çox yeni PS5 bağlantısı qeydə alınıb. Yeni alınan konsolların 70 faizində ilk oynanılan oyunun GTA 6 olduğu açıqlanıb.

“PlayStation” əldə olunan uğura görə “Rockstar Games”i təbrik edib. Şirkət iki tərəf arasındakı əməkdaşlığın “PlayStation 2” dövründə təqdim olunan “Grand Theft Auto III” oyununa qədər uzandığını xatırladıb.