Türkiyənin İzmir şəhərinin Menemen rayonunda tarixi əsərlərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Metbuat.az "Trthaber"ə istinadən xəbər verir ki, polis əməkdaşları rayon ərazisindəki evlərdən birində axtarış aparıblar. Məlumata görə, əməliyyat zamanı Arxaik, Roma, Bizans və Osmanlı dövrlərinə aid ümumilikdə 187 tarixi əşya aşkarlanıb. Onların arasında 142 qədim sikkə, həmçinin Roma və Bizans dövrlərinə aid 45 üzük, ox ucu və sapand daşı olub. Aşkarlanan tarixi əşyalar müsadirə edilib. Əməliyyat çərçivəsində bir şübhəli saxlanılıb.

Onun barəsində Türkiyənin Mədəni və Təbii Sərvətlərin Mühafizəsi haqqında qanununu pozma ittihamı ilə hüquqi prosedura başlanılıb.