Sakit okeanında yerləşən Nauru Respublikası dünyada rəsmi paytaxtı olmayan tək dövlət kimi tanınır.

Metbuat.az xəbər verir ki, 21 kvadratkilometr əraziyə malik ölkə dünyanın ən kiçik ada dövləti hesab olunur. Məlumata görə, Nauru Respublikası ümumi ərazi ölçüsünə görə Vatikan və Monakodan sonra üçüncü yerdə qərarlaşır. Təxminən 12 min nəfərin yaşadığı ölkədə heç bir şəhər rəsmi paytaxt statusu daşımır. Bildirilir ki, Naurunun dövlət idarəçiliyi də ənənəvi modeldən fərqlənir. Ölkənin konstitusiyasında və rəsmi sənədlərində paytaxt kimi müəyyən edilmiş yaşayış məntəqəsi yoxdur. Dövlət qurumları adanın cənubunda yerləşən Yaren bölgəsində fəaliyyət göstərir. Parlament binası, hökumət ofisləri və əsas dövlət müəssisələri məhz bu ərazidə cəmləşib. Yaren rəsmi paytaxt sayılmasa da, ölkənin faktiki inzibati mərkəzi hesab olunur.