“Bavariya” Harri Keynin zədələnməsindən sonra hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Almaniya klubu yeni hücumçu transferi üçün namizədlərin siyahısını hazırlayıb. “Transferfeed”in məlumatına görə, Münhen təmsilçisinin əsas hədəfi “Beşiktaş”ın futbolçusu Duşan Vlahoviçdir. Bildirilir ki, serbiyalı hücumçu ilə yanaşı, “Brentford”dan İqor Tiaqo və PSV-dən Rikardo Pepi də klubun diqqət mərkəzindədir.
Qeyd edək ki, Harri Keyn “Köln”lə oyunda sol ayaq biləyindən zədələnib və əməliyyat olunub. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Duşan Vlahoviç mövsümün əvvəlində “Yuventus”dan azad agent kimi “Beşiktaş”a keçib. 26 yaşlı hücumçu Türkiyə klubunun heyətində çempionatda keçirdiyi 10 oyunda 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Beşiktaş”la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 32 milyon avro göstərilsə də, mümkün transferdə daha yüksək məbləğin tələb oluna biləcəyi bildirilir.