İran Hörmüz boğazının açılması ilə bağlı mövqeyini bir daha açıqlayıb. Tehran bəyan edib ki, ABŞ tərəfindən irəli sürülən addımlar deyil, İranın müəyyən etdiyi yeddi şərt yerinə yetirilmədən strateji əhəmiyyətli su yolu açılmayacaq.

Metbuat.az Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İran rəsmilərinin sözlərinə görə, Hörmüz boğazının fəaliyyətinin bərpası və bölgədə təhlükəsizliyin təmin olunması Vaşinqtonun Tehranın tələblərinə münasibətindən asılıdır.

İran tərəfinin irəli sürdüyü əsas tələblər arasında hərbi əməliyyatların dayandırılması, ABŞ-nin dəniz blokadasına son qoyması, sanksiyaların aradan qaldırılması və İranın dondurulmuş aktivlərinin azad edilməsi kimi məsələlər yer alır.

Tehran həmçinin ABŞ hərbi qüvvələrinin İran ətrafındakı mövcudluğunun azaldılmasını və müharibə nəticəsində dəymiş ziyanın kompensasiya edilməsini tələb edir.

İran rəsmiləri bildirirlər ki, ölkə bu şərtlər yerinə yetirilmədən əvvəlki diplomatik prosesə qayıtmaq niyyətində deyil. Bununla belə, Tehran diplomatiya qapısını tam bağlamadığını və qarşılıqlı öhdəliklərə əsaslanan razılaşmaya hazır olduğunu vurğulayır.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm strateji marşrutlarından biridir. Qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əhəmiyyətli hissəsi məhz bu su yolu vasitəsilə həyata keçirilir.

Boğaz ətrafında yaranan gərginlik beynəlxalq enerji bazarlarında narahatlığı artırmaqla yanaşı, dünya iqtisadiyyatı və region ölkələrinin təhlükəsizliyi üçün də ciddi risklər yaradır.