Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” FK İspaniyanın “Barselona” komandası ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma yerli futbol azarkeşləri arasında böyük maraq doğurub. Bəs azarkeşlər oyundan nə gözləyir və hesabla bağlı proqnozları necədir?

Metbuat.az şəhər sakinləri və futbol azarkeşləri arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Sorğuda iştirak edən Eltun Hüseynov hesabdan asılı olmayaraq, “Sabah” FK-nın “Barselona” kimi dünya şöhrətli komandanı Bakıda qəbul etməsini böyük uğur hesab edir. Onun sözlərinə görə, qarşılaşma həm yerli azarkeşlər, həm də ölkəmizdə çoxsaylı tərəfdarı olan “Barselona” sevərlər üçün əsl futbol bayramı olacaq:

“İlk növbədə onu deyərdim ki, hesabın necə olmasından asılı olmayaraq, “Sabah”ın Avropa nəhəngi “Barselona”nı Bakı Olimpiya Stadionunda qəbul etməsi böyük uğurdur və hər birimiz üçün fəxrdir. Lamine Yamal, Pedri, Rafinya kimi dünya ulduzlarına qarşı “Sabah”ın əzmkar mübarizəsinin şahidi olacağımıza inanıram. Belə böyük bir komandaya qarşı oyunda “Sabah”a uğurlar arzulayırıq. Allahın izni ilə qələbə bizim olacaq”.

Digər sorğu iştirakçısı Emin Cəlilzadə “Barselona”nı görüşün favoriti hesab edir. Bununla belə, o, “Sabah” FK-nın da mübarizə aparacağını və oyunun maraqlı keçəcəyini düşünür. Emin Cəlilzadə qarşılaşmanın 4:1 hesabı ilə “Barselona”nın xeyrinə başa çatacağını proqnozlaşdırır.

Şəbnəm Əlizadə də İspaniya təmsilçisinin qalib gələcəyini gözləyir. O, “Barselona”nın favorit olduğunu desə də, “Sabah” FK-nın sona qədər mübarizə aparacağına inanır. Onun hesab proqnozu 3:1-dir.

Rəşidə Abbasova qarşılaşmanı tarixi hadisə kimi qiymətləndirir. Onun fikrincə, bu oyun hətta futbolu yaxından izləməyən insanları belə bir araya gətirəcək. O, Lamine Yamalın iştirak etməməsinə baxmayaraq, “Barselona”nın böyük hesabla qalib gələcəyini düşünür. Bununla yanaşı, “Sabah”ın da rəqib qapısına yol tapacağına ümid edir:

“Ümid edirəm ki, Damburaskasın yetirmələri bir qolla rəqib qapısına yol tapa bilərlər. Hesab təxminim 1:4-dür”.

Nərmin Əlizadə isə “Sabah”ın doğma meydanda azarkeşləri qarşısında sonadək mübarizə aparacağını və ən azı bir qol vuracağını düşünür. Bununla belə, o, “Barselona”nın oyunçu keyfiyyəti və təcrübə baxımından üstün olduğunu vurğulayır. Nərmin Əlizadənin proqnozu 1:5 hesabı ilə İspaniya təmsilçisinin qələbəsidir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.