Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Fənərbağça”nın hücumçusu Romelu Lukakunun gələcək taleyi ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az Türkiyənin "Fanatik" qəzetinə istinadən xəbər verir ki, təcrübəli futbolçunun sabiq klubu “Anderlext” onu yenidən heyətinə qatmaq istəyir.

Bildirilir ki, Belçika təmsilçisi qış transfer pəncərəsində Lukaku üçün rəsmi addım atmağı planlaşdırmır. Buna səbəb futbolçunun transferinin maliyyə baxımından çətin olmasıdır. Klubun əsas hədəfi mövsümün sonunda onunla müqavilə imzalamaqdır.

Məlumata əsasən, “Anderlext” belçikalı hücumçunu yay transfer pəncərəsində azad agent kimi heyətinə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, Romelu Lukaku mövsümün əvvəlində İtaliyanın “Napoli” klubundan “Fənərbağça”ya transfer olunub. 33 yaşlı forvard İstanbul təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Lukaku peşəkar karyerasına məhz “Anderlext”də başlayıb. Onun Belçika klubuna mümkün qayıdışı ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.