Bakı-Supsa neft kəmərinin gələcəkdə yenidən istismara qaytarılması mümkündür. Bunun üçün hasilat həcmlərinin artması, eləcə də müvafiq razılaşmaların əldə olunması və danışıqların aparılması vacibdir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan mənşəli və ya Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən enerji resurslarının nəqli ilə bağlı layihələr həm Azərbaycan, həm də Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu layihələr yalnız iki ölkənin deyil, daha geniş coğrafiyanın enerji təchizatında da mühüm rol oynayır.

Ceyhun Bayramov bu baxımdan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, boru kəməri xam neftin etibarlı nəqli üçün mühüm marşrutdur.

Xarici işlər naziri, həmçinin Cənub Qaz Dəhlizinin də regional və beynəlxalq enerji təchizatı baxımından əhəmiyyətini vurğulayıb.