Politoloq Mübariz Əhmədoğlu onun haqqında səsləndirilən ittihamlara və Borçalıda baş verən proseslərlə bağlı müzakirələrə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, geniş yazısında Gürcüstanda yaşayan azərbaycanlılara İranın təsiri, bölgədə dini-siyasi təbliğat və Xomeynilik ideologiyası ilə bağlı fikirlərini açıqlayıb. Politoloq, həmçinin onu tənqid edən şəxslərə iradlarını çatdırıb.

Həmin yazını olduğu kimi təqdim edirik:

Borçalı ziyalılarının “Yeni Müsavat”da çap olunan müraciətinin mətni ilə tanış oldum. Mövzunun qoyuluşu düzgündür. Məhz Borçalı qadınlarının İrana meyillənməsi, İranın təsiri altına düşməsi ilə əlaqədar kişilərin də ünvanına təhqir hesab etdiyi fikirlər səsləndirilib. Aşağıda sadalayacağım arqumentlər bu qrup əhalidə qeyrət anlayışının mahiyyətini dəyişə bilər. Əslində, təhqirə doğru anlaşılma məhz mövzunun kontekstdən çıxarılmasıdır.

Fikirlərimin Borçalı ziyalılarında, bəlkə də, din xadimlərində yaratdığı effekti faydalı hesab edirəm. Çünki heç vaxt Borçalı mövzusunu, orada olan soydaşlarımızın vəziyyətini diqqətdən kənarda saxlamamışam. İmkan daxilində bu mövzuda onların yanında olmağa çalışmışam.

İrandan bir nəfər qadın gəlib Borçalı qadınlarının arasında təbliğat aparmayıb. İran mətbuatında bunu görməmişəm. İran mətbuatında beş-altı kişinin Borçalıda iş gördüyü ilə bağlı məlumatım var, qadın adı yoxdur.

Dünya azərbaycanlılarına başucalığı gətirən dahi azərbaycanlılarımızın adını çəkirlər. İndiki nəsil izah edə bilmir ki, niyə İrandan bir dəstə, bir qrupu da azərbaycanlı kişi Borçalıya gəlir və qadınları o vəziyyətə salır?!

Din xadimləri, xüsusilə Marneulidəki İmam Əli məscidinin axundu Hacı Hacıyev öz kontingentinə Qəzza barədə izah verə bilərmi?

Borçalıdakı din xadimləri:

I. Moizə etdiyi məscidin tarixini bildirsin. İran o məscidi də erməni məscidi kimi təqdim edə bilər. İrəvandakı Göy məscidin tarixi ilə bağlı dünyanın bütün aparıcı ölkələrinin arxivlərində məlumat var. Bu, Azərbaycan məscididir, İrəvan xanı Hüseynqulu xan tikdirib, amma İran həyasızcasına bildirir ki, bu, İranındır. İran da bunu subyekt kimi Ermənistana verib.

II. Qəzza ilə bağlı məlumat versin. Qəzzanı beynəlxalq aləmdə legitim kimi qəbul olunan Fələstin hökumətindən ayıran məhz İran oldu. HƏMAS-ı İsrailə qarşı müharibə yoluna saldı və Qəzzada İranın başladığı müharibənin nəticəsi bəllidir. Qadın və uşaqların vəziyyətinə baxın, oradakı kişilərdən danışmayın. Bu, Azərbaycan kişiləri, o cümlədən Borçalı kişiləri üçün bəlkə də ölüm deməkdir. İran müharibəni başladı və uduzdu. İsrail indi də Qəzzada zülmkarlıqla məşğuldur, İran isə heç bəyanat da verə bilmir.

Qəzza müharibəsi başladıqdan beş-altı ay sonra Rusiya prezidenti V.Putin iki dəfə İranın məhrum prezidenti İ.Rəisiyə müraciət etdi: “Qəzzada İsraillə birbaşa müharibəyə başlayın, arxanızda durmuşam”. İran bunu etmədi. İran üçün İsrail bu qədər vacibdir.

Yeni Qəzza müharibəsi salmağa İran üçün ən məhsuldar ərazi Azərbaycan faktoruna görə Gürcüstandır. İranın Gürcüstandakı səfirinin çariça Ketevan haqqında dedikləri ilə tanış olun.

Ermənistan da Qəzzaya çevrilməyə real namizəddir.

Din xadimləri, xüsusilə İmam Əli məscidinin axundu Hacı Hacıyev İranın Borçalı əhalisinə münasibəti ilə bağlı fikirləri düzgün çatdırmalıdır.

- Ermənistan vasitəsilə İrana gedən Borçalı azərbaycanlılarının siyahısının tərtib olunmasına şərait yaratmalıdır.

- Qadınlar qardaşlarının, oğullarının, ərlərinin müharibə qurbanı olmasına dözməməlidirlər, imkan verməməlidirlər. Qadınları bu vəziyyətə məhz ona görə salıblar.

- Borçalıda qadınların geyimi İran İslam İnqilabının lideri Seyid Ruhulla Musəvi Xomeyninin tərtib etdiyi geyim formasıdır, onun Quran-Kərimə heç bir aidiyyəti yoxdur. Yeganə bir məqsədi var: kişilərin saqqalının quruluşuna, qadınların da hicabına görə İrana məxsusluqları bilinsin.

- Şiə təriqətli Borçalı azərbaycanlıları nəzərə almalıdırlar ki, İran İslam İnqilabının banisi S. M. Xomeyni əslində ABŞ tərəfindən hakimiyyətə gətirilmiş adamdır. Çünki o dövrdə şah SSRİ ilə əlaqəyə çox meyllənmişdi. İrandan baxdıqda SSRİ də ABŞ-a azərbaycanlılar kimi görünürdü.

1925-ci ildə Qacarlar sülaləsini devirib Pəhləviləri hakimiyyətə gətirməsi nəticə vermədi. Nəhayət, 1979-cu ildə cəmi üç aylıq Nəcəfdən S.R.M.Xomeynini Parisə apardı, mətbuata çıxarıldı və İranda inqilabi vəziyyəti yetişdirdi. Üç aydan sonra təyyarə ilə Tehrana gətirdi. Hətta ABŞ şahı da İrandan qaçırtmışdı. Əhali də çox narazı idi. Buna baxmayaraq, Amerikanın əmri ilə S.R.M.Xomeyni İslam inqilabını qanlı etdi. Bu, İslamın inqilabı deyil, Amerikanın inqilabı olması bilinməli idi. Qurani-Kərimə görə, müsəlmanın müsəlmanı öldürməyə ixtiyarı yoxdur.

ABŞ qarşısında öhdəliyinə görə Xomeyni şiəliyi sıxışdırmalı idi. Ona görə şiəlikdə kəlmeyi-şəhadətin “Əliyyən vəliyyullah” kəlməsinin zəruri olmasına baxmayaraq, onu müstəhəbliyə çevirdi, yəni zərurilikdən çıxartdı: desən, savabdır, deməsən də olar, günah deyil.

Şiəliyə qarşı Xomeyninin mübarizəsində əsas element şiəliyin azərbaycanlı Şah İsmayıl tərəfindən rəsmiləşdirilməsi idi. İndi Vilayəti-fəqih adı ilə buna qarşı mübarizə davam edir.

Amerikanın idarəetmə formuluna etiraz etdiyi üçün ABŞ-la yola getmədi. ABŞ-a görə, İranda hərbidən başqa hər şey dindarların əlində olmalı idi. Xomeyni hərbiyə də sahiblənmək istədi. Mübahisə bunun üstündə yarandı.

Anti-şiə, anti-Azərbaycan hərəkətlərinin müəllifinin yaratdığı və şiəlikdən uzaq Xomeyniçiliyi Borçalıda gücləndirməyə ehtiyac yoxdur. Bu, strateji və taktiki təhlükə mənbəyidir.

Borçalı bölgəsində (Marneuli şəhərində) yerləşən İmam Əli (ə) məscidinin axundu və imamcüməsi Hacı Hacıyevin mənə və Azər Həsrətə iqtibasən “gedin öz dövlətinizin problemləri ilə məşğul olun” fikri əslində onun siyasi mənsubiyyətinin (o, azərbaycanlı deyil) və milli kimliyinin göstəricisidir. O, milli kimlik mövzusunda ətrafı tərəfindən ciddi tədqiq olunmalıdır.

Azərbaycanda problemlər İrandakı problemlərdən daha azdır. Azərbaycanda problem var və Gürcüstanla müqayisədə də azdır. Azərbaycanda hazırda ən böyük problem rəqəmlərin çaşqınlığıdır. Real vəziyyət Azərbaycanda rəqəmlərdə göstərildiyindən fərqlidir.

O din xadiminin yadına bir şey sala bilərəm: Şəmkir rayonunun icra başçısı Aslan müəllimlə (Allah rəhmət eləsin) Talış-Muğan hadisələri ilə əlaqədar o vaxtdan çox yaxın şəxsi əlaqəm olub. O, Ş.Şevardnadzenin qonaqları gələrkən ona zəng edib Şəmkirdən ərzağın getməsindən danışardı. Hətta bir dəfə ikimiz bir yerdə olanda Ş.Şevardnadze onun əl telefonuna zəng etdi. Təxminən bir saatdan sonra, hesab edin ki, Şəmkirdən ət, kolbasa, konfet, meyvə Volqa maşını ilə artıq Gürcüstana çıxdı. Ş.Şevardnadze artıq onda üçüncü, yoxsa dördüncü il hakimiyyətdə idi, Ulu Öndər H.Əliyev isə hələ birinci il idi ki, Azərbaycanda hakimiyyətə gəlmişdi.

Axundun azərbaycanlı kimliyinə şübhəsi varsa, özü sakitcə minbəri təhvil verib sürüşüb getsin İranda yaşasın. Çünki qabaqda çox böyük qan var.

Mən bu yazıda çalışacağam, bir və ya iki İran qadınının davranışı ilə bağlı İranın rəsmi saytlarında yerləşən fotoşəkil və ya video yerləşdirim. Onda görərsiniz ki, niyə Borçalı qadınlarını o vəziyyətə salırlar.

Məscidin axundu H.Hacıyev İran xətti ilə vuruşmağa gedən Borçalı azərbaycanlılarının sayını açıqlasın, qohum-əqrəbaları bu barədə məlumat versin. Yaxında İranda 110 naməlum şəxsin dəfn mərasimi keçirildi. Sonradan RF Təhlükəsizlik Şurasının sədri S.Şoyqu qəfil BƏƏ-yə səfər edərkən özü ilə RF Daxili İşlər Nazirliyi və “Rosqvardiya”nın da təmsilçilərini aparmışdı. Görünür, Rusiya daxil MDB ölkələrindən, əksəriyyəti şiə olmaqla, müsəlmanları İran ərəb ölkələrində müharibəyə aparıb. Ölən 110 nəfər də Səudiyyə və ya BƏƏ ərazisindən götürdüyü cənazələrdir, basdırdı. Səudiyyə və BƏƏ ərazisindən Dağıstana, Şimali Qafqaza və ya Gürcüstana cənazələr gələ bilər. Ona görə orada olan xanımlar evlərindən gedən kişilər barədə o icmanı ciddi məlumatlandırsınlar.

- 8 Borçalı azərbaycanlısı İranın sözü ilə özünü İŞİD-çi elan etdi. İranın məqsədi Azərbaycan xalqını, millətini ləkələmək idi.

- Məndən üzr istəməyi tələb edən borçalılar bildirə bilərlər ki, necə Borçalı azərbaycanlısı Yunanıstanda, Kiprdə və dünyanın digər dövlətlərində İranın xeyrinə casusluq etdiyinə görə saxlanılıb, həbs edilib. Bütün bunların hamısı barədə Gürcüstan hökumətinə məlumat gəlib, o da Azərbaycana məlumat verib.

- Gürcüstan azərbaycanlılarının İranın təsiri altında olması barədə Amerika Konqresində edilən məruzələrdən Borçalı azərbaycanlılarının adından danışanlarımızın xəbəri varmı?!

- Borçalı kişilərimizə bildirmək istəyirəm ki, kaş siz 44 günlük müharibənin son günlərində Gürcüstandakı azərbaycanlılarımızın Gürcüstandan Ermənistana gedən yük maşınlarına qarşı törətdiyi maneçiliklərə, hətta onları daşa basmasına gərək o vaxt reaksiya verəydiniz. Bu da İranın əməli idi. İranın əlini o vaxt kəsərdiniz.

- Bundan əvvəl erməni prezidenti S.Sarkisyan Gürcüstanda yaşayan səkkiz soydaşımızı sərhəd pozuculuğuna görə həbsxanada yatırtdı, onlardan 4-5-ni buraxdı, üçü uzun müddət yatdı. İranın iki prezidenti (Əhmədinejad və Ruhani) S.Sarkisyanın ağız-burnunu yalayırdı. Mən kaş onda sizin reaksiyanızı görəydim.

- Kaş siz borçalıların İranın mərhum ali rəhbərinin Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı dediklərinə reaksiyanızı görəydim. Biz reaksiya vermişik. Bu, elə Borçalı azərbaycanlılarına qarşı yönəlmiş strategiyadır.

- İran indi Ermənistanı Qəzzaya çevirmək, Azərbaycana qarşı müharibəyə qaldırmaq istəyir. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə hazırladığı siyasi təhlükəsizlik düsturu qüvvədədir, Türkiyə və Pakistan dərhal hamını öz yerində oturdacaq. Çünki Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev iş başındadır.

- Gürcüstan ictimaiyyətində İranın azərbaycanlılara təsiri barədə narahatlıq var. Gürcüstanın keçmiş müdafiə naziri Tinatin (Tina) Xidaşelinin narahatlığından sonra ABŞ və Aİ-dən Gürcüstandakı azərbaycanlıların İranın təsiri altında olduğunu və bunun Gürcüstanın dövlətçiliyi üçün təhlükəli olduğunu açıqladılar. Bu, nə vaxtsa azərbaycanlıların deportasiyası ideyasını yada sala bilər.

- Gürcü Pravoslav Kilsəsinin də müsəlmanlara qarşı davranışı xeyrimizə deyil. Yaxında Gürcü Pravoslav Kilsəsi Rus Pravoslav Kilsəsinin başçısı Kirilin 80 illiyinə nümayəndə heyəti göndərdi, orada Gürcüstan Pravoslav Kilsəsinin tərkibində olan abxaz təmsilçisinin adı yox idi. Bütün gürcü patriarxlarının adında həm də Abxaziyanın dini lideri anlamında olan ifadə var. Gürcü Pravoslav Kilsəsi bu və digər formada Keşikçidağ-David Qareci məsələsini ortaya atıb. Rusiyanın işğal etdiyi ərazilər barədə heç bir söz deyə bilmir. Gürcü dindarlarının bir qrupu, xüsusilə ermənilər və Gürcü Pravoslav Kilsəsinin ermənilərin və azərbaycanlıların yaşadığı əraziləri kurasiya edən mitropoliti ABŞ və Avropa ilə əlaqələrə malikdir. Rusiya və Aİ Gürcüstan xristianlığının erməni xristianlığı ilə birləşdirilməsi və daha da irəliləməsi konsepsiyası üzərində işə başlayıb. Gürcü ekspertlərinin “Rusiya ilə münasibətləri bərpa etmək” fikrinin arxasında Cənubi Qafqazda xristianlığın birləşdirilməsi və irəlilədilməsi dayanır. Bu mövzuda hesab edin ki, bir nömrəli xristian İrandır.

- İranda hətta mərhum ali rəhbər S. Ə. Xameneiyə qədim xristian ənənəsinə uyğun cənazə mərasimi keçirdilər.

- İran “AykaPars” və ya “Parsayk” ifadələrini yaradıb. Göy məscidini ermənilərlə birgə idarə etməyi keşiş-molla və ya molla-keşiş vəzifəsi zəruri edir.

Qaldı şəxsi məsələyə, mən də bir çox şeyləri öyrəndim. Əvvəlki administrasiyadan qohumunun həbs olunmasına görə narazı qalan şəxsiyyət ora-buranı qarışdırmaq istəyib. (Hamını və) onu nəzərdə tutub bildirmək istəyirəm. Eldə məsəldə deyilir:

“Dədəmlə dədənə baxınca, özümlə özünə bax”. Borçalıdan çıxan görkəmli adamlarla müqayisədə indi belə cılızlara, o məscidin molla-keşişinə baxın. Bəlkə də o, erməni keşişidir, onu da öyrənmək sizin üzərinizdədir.

Mən Gürcüstan azərbaycanlılarının ağsaqqalları -.Eyvaz Borçalı (Allah canını sağlam etsin, rəhmətə gedibsə, Allah rəhmət etsin), rəhmətlik Əlibala müəllimlə müzakirələr aparmışıq, bir neçə dəfə telefon danışıqlarımız olub.

Bunlardan da əvvəl Ş.Şevardnadze mətbuat konfransında Azərbaycanda Ulu Öndər H.Əliyev hakimiyyətə gəldikdən sonra bildirdiyi fikirlərin Ulu Öndərə çatdırılmasında iştirak etdiyim andan məni də siz Borçalı azərbaycanlısı hesab edə bilərsiniz.

Məşhur personanın qohumu, gürcü dilində Gürcüstan-Azərbaycan dostluğu barədə elmi iş yazmış şəxsin intellekti görünür, Eşşəkçi kəndindən uzağa gedə bilməyib. Siyasətdə “eşşək” sözündə neqativlik yoxdur, pozitivlik var. ABŞ demokratlarının emblemidir. İndi o kəndin adı “Eşşəkçi” deyil, Zəhmətabaddır. Mənim isə doğulub boya-başa çatdığım kəndin adı Xanəgahdır. Dərrakəsi çatsa, Ərdəbil brendi barədə bəzi şeyləri öyrənsin.

Sonda sözümü “Yeni Müsavat”ın rəhbərlərinə, əməkdaşlarına bildirirəm. Mənimlə əlaqə yaratmaq “Yeni Müsavat”ın əməkdaşları üçün çox çətin deyil. “Yeni Müsavat” hansı anında mənə necə müraciət edib, kömək etmişəm. Bunu çox detallı qeyd edə bilərəm. Mənimlə əlaqə saxlaya bilərdiniz. Yazını sizin götürməyinizi, borçalılardan və məndən üzr istəməyinizi tələb edirəm.

“Yeni Müsavat”a havadarlıq edənlərə bildirirəm ki, vəziyyəti nəzarət altına alsınlar, vəziyyəti nəzarətə götürün. Ölkəmizdə vəziyyəti İrana bağlı adamlar idarə etməməlidir, vəziyyəti siz idarə etməlisiniz.

Mübariz Əhmədoğlu
Politoloq