Azərbaycanda müxtəlif illərdə bəzi şəxslər nisbətən gənc yaşlarında yüksək dövlət vəzifələrinə təyin olunublar. Onların bəziləri 30-35 yaşlarında dövlət qurumlarına rəhbərlik etməyə başlayıb, digərləri isə 40 yaşına çatmamış nazir postuna gətirilib.
Metbuat.az xəbər verir ki, bu təyinatlar arasında həm mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, həm də rayon icra hakimiyyətlərinin başçıları var.
Bu siyahıya adını yazdıran sonuncu hökumət üzvü Müdafiə sənayesi naziri Vüqar Mustafayevdir. 1986-cı ildə anadan olan Vüqar Mustafayev 2023-cü il noyabrın 18-də, 37 yaşında nazir təyin edilib. O, bu vəzifəyə qədər özəl sektorda, o cümlədən bir sıra böyük şirkətlərdə çalışıb.

Fotoda: Vüqar Mustafayev
İqtisadiyyat naziri Mikayıl Cabbarov da yüksək vəzifəyə gənc yaşda gətirilən şəxslərdəndir. Hətta onun özündən sonra gələn nəsillər üçün cığır açdığını söyləyə bilərik. 1976-cı ildə anadan olan M.Cabbarov 2013-cü il aprelin 19-da təhsil naziri təyin olunanda 36 yaşında idi. Sonrakı illərdə vergilər naziri postunu tutub. O, hazırda İqtisadiyyat naziri vəzifəsində çalışır.

Fotoda: Mikayıl Cabbarov
İnam Kərimovun karyerasında da erkən yaşda rəhbər vəzifəyə təyinat xüsusi yer tutur. 1977-ci il təvəllüdlü Kərimov 2012-ci il sentyabrın 7-də, təxminən 35 yaşında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Daha sonra kənd təsərrüfatı naziri olub. Hazırda isə Ali Məhkəmənin sədridir.

Fotoda: İnam Kərimov
Sahil Babayev 1980-ci ildə anadan olub. O, 2018-ci il aprelin 21-də, 38 yaşında əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə gətirilib. Bu təyinatı həmin dövrdə gənc kadrların dövlət idarəçiliyində irəli çəkilməsinin nümunələrindən biri kimi qiymətləndirə bilərik. Sahil Babayev 6 fevral 2025-dən maliyyə naziridir.

Fotoda: Sahil Babayev
Elm və təhsil naziri Emin Əmrullayev də vəzifəyə gənc yaşda təyin olunanlar sırasındadır. 1982-ci il təvəllüdlü Əmrullayev 2020-ci il iyulun 27-də, 37 yaşında təhsil naziri olub.

Fotoda: Emin Əmrullayev
Yüksək vəzifələrə gənc yaşda təyinatlar təkcə nazirliklərlə məhdudlaşmayıb. Məsələn, Mirhəsən Seyidov 2020-ci il martın 5-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunanda cəmi 30 yaşında idi. 1989-cu ildə anadan olan Seyidov həmin dövrdə ölkənin ən gənc rayon rəhbərlərindən biri sayılırdı.

Fotoda: Mirhəsən Seyidov
Son təyinatlar arasında da gənc kadrların irəli çəkilməsi nümunələri var. 1989-cu il oktyabrın 2-də anadan olan Orxan Məmmədov 2026-cı il oktyabrın 22-də, 37 yaşında Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda: Orxan Məmmədov