2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 94 min 200 pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,6 faizini təşkil edib. Ötən ilin eyni dövründə isə pensiyaçıların sayı 1 milyon 100 min nəfər olub.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təyin edilən pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 595,8 manata çatıb. Bu göstərici ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

Bununla yanaşı, sosial müdafiə tədbirləri çərçivəsində müxtəlif kateqoriyalara aid şəxslərə sosial müavinətlər də ödənilib. 2026-cı ilin ilk doqquz ayında 24,9 min ailəyə 25,7 min uşağın doğulması ilə əlaqədar birdəfəlik müavinət verilib. Həmçinin radiasiya qəzasından zərər çəkmiş 3,6 min nəfərə müalicə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan 6,2 min şəxsə isə birdəfəlik müavinət ödənilib.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın adambaşına düşən orta aylıq məbləği 99 manat təşkil edib.

Bundan başqa, müxtəlif kateqoriyalar üzrə 407,6 min nəfərə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin edilib.