NATO-nun Baş katibi Mark Rutte Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə kimi qiymətləndirib.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, Rutte bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, insidentdən sonra NATO qırıcılarının havaya qaldırıldığını və müttəfiqlərin müdafiə imkanlarını gücləndirməyə davam edəcəyini bildirib. Rutte bildirib ki, o, Polşanın Baş naziri Donald Tuskla ölkənin hava məkanında baş verən ciddi pozuntular barədə danışıb. Rutte hadisənin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqəli olduğunu deyib. O, Moskvanın hücumlarını qınayıb. Ruttenin sözlərinə görə, NATO müttəfiqlərinin birliyini qoruyacaq və Ukraynaya dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı səh ölkənin hava məkanının pozulduğunu açıqlayıb. Ukrayna sərhədinə yaxın Bilqoray rayonunda naməlum obyektin düşdüyü irəli sürülüb. Hadisədən sonra ərazidə axtarış işlərinə başlanılıb. Sakinlərə hər hansı obyektin qalıqlarını aşkar etdikləri təqdirdə onlara yaxınlaşmamaq və aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Hava məkanının pozulması ilə əlaqədar Rjeşov-Yasionka hava limanının dispetçer qülləsi müvəqqəti təxliyə edilib. Daha sonra hava limanı yenidən uçuşlar üçün açılıb və hərbi hava əməliyyatlarının başa çatdığı, hava hücumundan müdafiə sisteminin normal fəaliyyətinə qayıtdığı bildirilib.