İraq 10 ildən çoxdur fəaliyyət göstərməyən Kərkük-Ceyhan neft boru kəməri vasitəsilə Türkiyəyə xam neft nəqlini bərpa edib.
Metbuat.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, İraq Hörmüz boğazındakı blokadaların təsirini azaltmaq məqsədilə alternativ ixrac marşrutundan istifadə etməyə başlayıb. İraqın Neft naziri Bassem Khudair ölkənin açıqlamasında Kərkükdən Türkiyənin Aralıq dənizi sahilindəki limanına uzanan 960 kilometrlik boru xətti ilə gündəlik 120 min barelədək neft nəqlinin planlaşdırıldığını bildirib. Nazirin sözlərinə görə, boru kəmərində təmir, bərpa, texniki və əməliyyat sınaqları uğurla başa çatıb. Khudair əlavə edib ki, bu işlərdən sonra neft axınının gündəlik 500 min barelə çatdırılması mümkündür.
Qeyd edək ki, gündəlik 1,5 milyon bareldən çox ötürmə gücünə malik Kərkük-Ceyhan xətti İraq üçün mühüm əhəmiyyət daşıyır. Hörmüz boğazında ABŞ və İran arasında qarşılıqlı blokadaların yaratdığı çətinliklər fonunda boru kəmərinin yenidən işə düşməsi İraqın neft ixracı üçün alternativ imkan yaradır.