Ekvadorda müşahidə olunan “El Nino” iqlim fenomeni vəhşi heyvanların təbii yaşayış mühitini dəyişib.

Metbuat.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlar, daşqınlar və okean sularının temperaturunun artması nəticəsində timsahlar, boa ilanları və su samurları şəhər mərkəzlərində görünməyə başlayıb. Ölkənin ən böyük şəhəri Quayakildə qeyri-adi heyvan hərəkətliliyi qeydə alınıb. Məlumata görə, Sakit okeanda temperaturun yüksəlməsi və sahilyanı ərazilərdə baş verən daşqınlar bir çox heyvanı təbii yaşayış yerlərini tərk etməyə məcbur edib.

Bildirilir ki, şəhərdəki Quayas çayında sahil su samuru, Urdesa rayonunda isə timsah görüntülənib. Bundan başqa, maviayaq sümsük quşları və boa ilanları şəhər mərkəzində, eləcə də avtomobil sıxlığının olduğu yollarda müşahidə edilib.

Qeyd edək ki, güclü yağışlardan sonra şəhər sakinləri yaşayış məntəqələrində timsah gördüklərinə dair görüntüləri sosial mediada paylaşıblar. Bunun ardınca səlahiyyətli qurumlar əhaliyə xəbərdarlıq edərək vəhşi heyvanlara yaxınlaşmamağı, onları gördükləri halda təcili yardım xəttinə və ya ətraf mühit polisinə məlumat verməyi tövsiyə ediblər.