Xəbər verdiyimiz kimi, Almaniyanın “Borussiya Dortmund” klubu “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer etmək üçün izləyir.
Metbuat.az xəbər verir ki, iddialara görə, klub rəhbərliyi 26 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün “Qalatasaray”a üç fərqli təklif variantı hazırlayıb.
Türkiyənin “Fanatik” nəşri Almaniyanın DAZN telekanalının məlumatlarına istinadən bildirib ki, ilk variant birbaşa 25 milyon avro transfer haqqının ödənilməsidir. İkinci təklif isə futbolçunun icarəyə götürülməsi və müqaviləyə 35 milyon avro məbləğində məcburi satınalma şərtinin əlavə edilməsini nəzərdə tutur.
Almaniya klubunun nəzərdən keçirdiyi üçüncü variant isə futbolçu mübadiləsi və əlavə ödənişdən ibarətdir. Bu ssenariyə əsasən, almanlar avstriyalı yarımmüdafiəçi Marsel Zabitzeri transferə daxil etməklə yanaşı, “Qalatasaray”a müəyyən məbləğdə vəsait də ödəməyi planlaşdırır.
Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın yetirməsidir. O, 2026/2027 mövsümündə İstanbul təmsilçisinin heyətində bütün turnirlər üzrə 15 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.