"Qalatasaray"ın prezidenti Dursun Özbek baş məşqçi Okan Burukun gələcəyi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, klub rəhbəri mövsümün sonunda müqaviləsi başa çatacaq mütəxəssislə bağlı mövqeyinin dəyişmədiyini bildirib. O, Okan Burukla yollarını ayırmaq niyyətində olmadığını açıq şəkildə ifadə edib. Özbek "Türkiyə" qəzetinə açıqlamasında baş məşqçi ilə bağlı qərarının qəti olduğunu vurğulayıb:

“Mənim Okan Burukla bağlı mövqeyim çox aydın və bəllidir. Birlikdə gəlmişik, birlikdə gedəcəyik! Bu fikrimdə heç bir dəyişiklik yoxdur. "Qalatasaray"ın Baş Məclisinin bizə verdiyi səlahiyyət müddəti 2028-ci ilin mayında başa çatır. Mənim vəzifədə olduğum müddətdə komandamızın baş məşqçisi Okan Buruk olacaq”.

Qeyd edək ki, Okan Burukun "Qalatasaray"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.