Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan mikrosahibkarlar üçün mövcud vergi güzəştlərinin davam etdirilməsi nəzərdə tutulur.

Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin kənd təsərrüfatı istehsalından əldə etdikləri gəlirlər üzrə 100 faizlik vergi azadolması saxlanılacaq.

İllik gəliri 200 min manatadək, işçilərinin sayı isə 10 nəfərədək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab edilir.

Bundan başqa, müəyyən edilmiş şərtlərə uyğun olaraq sadələşdirilmiş vergi üzrə tam azadolmanın daha beş il, yəni 2031-ci ilin sonunadək uzadılması təklif olunur.

Güzəştlərdən yararlanmaq üçün istehsalçıların EKTİS-də qeydiyyatda olması və qanunvericiliyin tələb etdiyi hallarda müvafiq vergi bəyannamələrini təqdim etməsi nəzərdə tutulur.

Ailə kəndli təsərrüfatı kimi qeydiyyatda olan şəxslərdən isə VÖEN alınması və vergi bəyannaməsinin təqdim edilməsi tələb olunmayacaq.