ABŞ-nin ən iri bankı “JPMorgan Chase”ə xidmət göstərən üçüncü tərəf şirkətlər kiberhücumun hədəfinə çevrilib.
Metbuat.az xəbər verir ki, bankın noyabrın 19-da yaydığı açıqlamaya görə, ilkin araşdırma zamanı hakerlərin bəzi xidmət təminatçılarının marketinq məlumatlarına daxil olduğu müəyyən edilib. Hakerlər bəzi müştərilərin adlarına və elektron poçt ünvanlarına çıxış əldə etmiş ola bilər.
Bank hücumun nə vaxt baş verdiyini və hansı şirkətlərin hədəf olduğunu açıqlamayıb. Bankın öz xidmətlərində fasilə yaranmayıb.
“JPMorgan Chase” zərər çəkmiş müştərilərlə birbaşa əlaqə saxlayacağını və zəruri hallarda onlara ödənişsiz kredit monitorinqi xidməti təqdim edəcəyini bildirib.
Qeyd edək ki, bankın noyabrın 16-da onlayn xidmətlərində nasazlıq yaranmışdı. Bank həmin problemin proqram xətası ilə bağlı olduğunu və kiberhücumla əlaqəsinin olmadığını açıqlayıb. 2025-ci ildə də bankın daşınmaz əmlak maliyyəsi üzrə təminatçısı “SitusAMC” kiberhücuma məruz qalmış, bank o vaxt birbaşa hücum olmadığını bildirmişdi.