Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığının təşkili və keçirilməsi qaydaları yenilənib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin hərbi xidmətə hazırlanmasını, onlarda vətənpərvərlik şüurunun və Vətənin müdafiəsinə görə məsuliyyət hissinin formalaşdırılmasını, eləcə də zəruri nəzəri bilik və praktiki vərdişlərin aşılanmasını nəzərdə tutur.
Sənədə görə, çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq. Dərslər nəzəri və praktiki hissələrdən ibarət olacaq və oğlanlarla qızlar üçün birlikdə təşkil ediləcək.
Yeni qaydalarda gənclərin yalnız ənənəvi hərbi biliklərə deyil, müasir texnologiyalar sahəsində də məlumatlandırılması nəzərdə tutulur. Belə ki, onlar pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları barədə nəzəri biliklərə yiyələnəcəklər.
Bundan başqa, gənclərə mülki müdafiənin təşkili, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi və sanitariya-gigiyena qaydaları öyrədiləcək.
Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlığa ümumi metodiki rəhbərlik Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu sahəyə ümumi rəhbərlik və nəzarət isə Nazirlik və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən, aidiyyəti üzrə digər dövlət orqanları və bələdiyyələrin iştirakı ilə təmin ediləcək.
Təhsil müəssisələrinin direktorları çağırışaqədərki hazırlıq fənninin tədrisinin və hərbi-vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə, eləcə də təlim silahları və sursatların müəyyən edilmiş qaydada saxlanılmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.
Çağırışaqədərki hazırlıq rəhbəri isə birbaşa direktorun tabeliyində fəaliyyət göstərəcək və gənclərin hazırlığına, təlim silahları və sursatların uçotuna, saxlanılmasına, dərslərdə istifadəsinə, habelə təhlükəsizlik qaydalarına əməl edilməsinə cavabdeh olacaq.
Sənəddə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin ediləcək şəxslərin tələbləri də müəyyənləşdirilib. Ümumi və peşə təhsili müəssisələrində bu vəzifəyə ali və ya orta ixtisas hərbi təhsilli, yaxud ali mülki təhsilli ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə təhsil almış və həqiqi hərbi xidmət keçmiş şəxslər, müharibə veteranları və müəyyən hallarda ehtiyatda olan gizir və çavuşlar təyin edilə bilərlər.
Orta ixtisas təhsili müəssisələrində isə bu vəzifəyə ali təhsilli ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə təhsil almış və həqiqi hərbi xidmət keçmiş şəxslər, müharibə veteranları, eləcə də müəyyən şərtlərlə ehtiyatda olan ali təhsilli gizir və çavuşlar təyin edilə biləcəklər.
Pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək.
Əsasnamədə müəllimlərin ixtisasartırma və metodiki hazırlıq məsələləri də əksini tapıb. Belə ki, hər tədris ilinin başlanmasına qədər çağırışaqədərki hazırlıq rəhbərləri üçün beşgünlük tədris-metodiki təlim keçiriləcək. Həmçinin hər ayın sonuncu həftəsinin cümə günü məşğələlər, qış tətili günlərində isə üçgünlük metodiki seminar təşkil olunacaq.
Çağırışaqədərki hazırlıq rəhbərlərinə metodiki hazırlıq, qabaqcıl təcrübənin öyrənilməsi və tədris bazasının təkmilləşdirilməsi məqsədilə həftədə bir iş günü ayrılacaq.
Sənədə əsasən, hər tədris ilinin sonunda gənclərin hərbi-fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi və maarifləndirilməsi məqsədilə hərbi-idman tədbirləri təşkil olunacaq. Təhsil müəssisələrində hərbi işə xüsusi maraq göstərən gənclər üçün dərsdənkənar nəzəri və praktiki məşğələlər də keçiriləcək.
Bundan başqa, hərbi-vətənpərvərlik tərbiyəsi məqsədilə Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər və müharibə iştirakçıları ilə bağlı stend, guşə və muzeylərin yaradılması nəzərdə tutulur.
Çağırışaqədərki hazırlıq üçün təhsil müəssisələri təlim silahları, sursatlar, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları, eləcə də tibbi ləvazimatlarla təmin ediləcəklər. Aidiyyəti qurumların müraciəti əsasında təhsil müəssisələri Müdafiə Nazirliyinin tabeliyində olan atıcılıq tirlərindən və poliqonlardan ödənişsiz əsaslarla istifadə edə biləcəklər.
Qeyd edək ki, Əsasnamə çağırışaqədərki hazırlığın təşkili, tədrisi, kadr təminatı, maddi-texniki bazası və bu sahədə aidiyyəti dövlət qurumlarının vəzifələrini müəyyən edir.