Dünyada qeyri-adi xüsusiyyətləri ilə seçilən ağaclardan biri də Braziliyada bitən jabutikaba ağacıdır. Meyvələrini budaqlarında deyil, birbaşa gövdəsində yetişdirən bu ağac həm görünüşü, həm də yüksək qiyməti ilə maraq doğurur.

Metbuat.az Türkiyənin "Sözcü" nəşrinə istinadən xəbər verir ki, mersingillər fəsiləsinə aid olan bitki əsasən ölkənin cənub və cənub-şərq bölgələrində yayılıb.

Bu ağacı digər meyvə ağaclarından fərqləndirən ən maraqlı xüsusiyyət meyvələrinin birbaşa gövdə və qalın budaqlar üzərində yetişməsidir. Yetişmə dövründə ağacın gövdəsi üzümə bənzəyən, tünd bənövşəyi və qara rəngli meyvələrlə örtülür.

Jabutikaba ağacının meyvə vermə yaşına çatmış yetkin nümunələrinin qiyməti 2000 dollardır.

Xarici görünüşünə görə iri qara üzümləri xatırladan meyvənin qabığı qalın və tünd rənglidir. Kəsildikdə isə içərisində ağımtıl, jelatinəbənzər və şirəli hissə görünür. Dadı şirinliklə yüngül turşuluğun vəhdətindən ibarətdir.

Jabutikabanın dünya bazarında geniş yayılmasına mane olan əsas amil onun çox qısa müddətdə xarab olmasıdır.

Ağacdan dərildikdən sonra meyvə otaq temperaturunda cəmi 1-2 gün təzəliyini qoruyur. Soyuducu şəraitdə isə bu müddət maksimum 3-4 günə qədər uzanır.

Məhz bu xüsusiyyət jabutikabanın təzə halda uzaq ölkələrə daşınmasını və beynəlxalq bazarlarda satışını çətinləşdirir.

Meyvənin qısa müddətdə xarab olması istehsalçıları onu müxtəlif formalarda emal etməyə vadar edir. Jabutikabadan mürəbbə, marmelad, meyvə şirəsi və fermentləşdirilmiş içkilər hazırlanır.