Adi qəhvədən fərqli dad axtaranlar üçün dünyanın müxtəlif ölkələrində hazırlanan qeyri-adi qəhvə növləri maraqlı seçim ola bilər. Bəziləri yumurta sarısı və kərə yağı ilə, digərləri dondurma və ədviyyatlarla hazırlanır.
Metbuat.az fərqli dadı və hazırlanma üsulu ilə seçilən 9 qəhvə növünü təqdim edir.
1. Yumurta qəhvəsi (Egg Coffee)
Vyetnama məxsus bu içki yumurta sarısı, şəkər və qatılaşdırılmış süd qarışığının qəhvəyə əlavə edilməsi ilə hazırlanır. Yumurta sarısı içkiyə kremli və qatı tekstura, şirin dad verir.
2. Kuba qəhvəsi (Cafecito)
Bu qəhvə növü güclü espressoya şəkər əlavə edilməklə hazırlanır. Şəkər ilk damlalarla çalınır və üzərində açıq rəngli köpük yaranır. Kiçik fincanda təqdim olunan içki şirin və tünd dadı ilə seçilir.
3. Duzlu qəhvə (Salted Coffee)
Bu içkinin hazırlanmasında qəhvəyə az miqdarda duz əlavə olunur. Duz acı dadı yumşaldır və qəhvənin dad balansını dəyişir. Tayvanda məşhurdur. Türkiyədə isə elçilik ənənəsinə görə gəlin bəyə duzlu qəhvə verir.
4. Kərə yağlı qəhvə (Butter Coffee)
“Bulletproof Coffee” adı ilə də tanınan bu içki qara qəhvəyə kərə yağı və MCT yağı əlavə edilməklə hazırlanır. MCT hindistan cevizi yağından alınan orta zəncirli triqliserid yağıdır. Yağlar qəhvəyə daha qatı və kremli tekstura verir.
5. Meksika qəhvəsi (Café de Olla)
Meksikanın ənənəvi içkilərindən biri olan bu qəhvə darçın və xam şəkər qamışı ilə birlikdə qaynadılır. Bəzi reseptlərdə mixək kimi ədviyyatlardan da istifadə olunur. Adətən saxsı qabda təqdim edilir.
6. Sivet qəhvəsi (Kopi Luwak)
Dünyanın ən bahalı qəhvə növlərindən biri hesab edilən “Kopi Luwak” İndoneziyada və bəzi tropik ölkələrdə istehsal olunur. Qəhvə dənələri sivet adlanan heyvan tərəfindən yeyildikdən sonra həzm sistemindən keçərək toplanır, təmizlənir və emal edilir. Bu qəhvənin istehsalında heyvanların saxlanma şəraiti ilə bağlı etik narahatlıqlar da var.
7. Affogato
İtaliya mətbəxinə aid olan “Affogato” qəhvə və dondurmanın birləşməsidir. Bir top dondurmanın üzərinə isti espresso tökülərək hazırlanır. İsti və soyuq dadların birləşməsi ilə seçilir.
8. Qəhvə jelesi (Coffee Jelly)
Yaponiyada məşhur olan bu desert qəhvənin jelatinlə qarışdırılaraq bərkidilməsi ilə hazırlanır. Soyuq halda təqdim olunur, üzərinə süd və ya qaymaq əlavə edilir.
9. İsveç yumurta qəhvəsi (Swedish Egg Coffee)
Bu üsulda çiy yumurta üyüdülmüş qəhvə ilə qarışdırılır və qarışıq suda qaynadılır. Yumurta qəhvə tortasını özünə çəkir, içki süzülür və dumduru, acılığı az qəhvə alınır. İsveç mühacirləri bu üsulu ABŞ-ın Minnesota ştatına gətiriblər, orada kilsə tədbirlərinin ənənəsinə çevrilib.