Qızılbalıq, sardina və siyənək kimi balıq növləri yüksək qida dəyəri ilə tanınsa da, az tanınan bəzi növlər də zəngin protein və mineral tərkibi ilə diqqət çəkir.
Metbuat.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, belə balıqlardan biri ikixallı kraliça balığıdır. Hind və Sakit okeanların tropik sularında yayılan bu növ xüsusilə yüksək protein və selenyum tərkibi ilə seçilir.
100 qramında 20,1 qram protein var
FishBase beynəlxalq balıq məlumat bazasının məlumatlarına görə, ikixallı kraliça balığının 100 qramında təxminən 20,1 qram protein mövcuddur.
Balığın digər qida göstəriciləri belədir:
Protein - 20,1 qram;
Selenyum - 44,5 mikroqram;
Kalsium - 34,6 milliqram;
Sink - 0,82 milliqram;
Dəmir - 0,738 milliqram;
Omeqa-3 yağ turşuları - 0,154 qram.
Selenyum qalxanabənzər vəzinin normal fəaliyyəti və immun sisteminin dəstəklənməsi üçün vacib mikroelementlərdən biridir. Dəmir və sink isə orqanizmdə müxtəlif metabolik proseslərdə mühüm rol oynayır.
Balığın yüksək protein tərkibi əzələ toxumasının qurulması və bərpası baxımından əhəmiyyətlidir. Bununla belə, omeqa-3 göstəricisi qızılbalıq, sardina və siyənək kimi yağlı balıqlarla müqayisədə daha aşağıdır.
Harada yaşayır və necə tanınır?
İkixallı kraliça balığı Hind və Sakit okeanların geniş tropik ərazilərində yayılıb. Onun yayılma arealı Şərqi Afrika və Qırmızı dənizdən Havay adalarına, Yaponiyadan Avstraliyaya qədər uzanır. Bu növə Vyetnam sahillərində də rast gəlinir.
Balığın əsas fərqləndirici xüsusiyyəti gövdəsinin hər iki tərəfində yerləşən 5-8 ədəd tünd rəngli ləkədir. Gümüşü-ağ qarın hissəsi, mavi-boz kürəyi və uzunsov, yastı bədən quruluşu ilə seçilir.
Yetkin fərdlərin uzunluğu orta hesabla 60 santimetr olur. Bəzi nümunələrin isə 110 santimetrə qədər uzandığı və 11 kiloqram çəkiyə çatdığı bildirilir.