Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə gözlənilən küləkli hava ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Yol polisi bildirib ki, küləyin qaldırdığı toz açıq ərazilərdə görünüş məsafəsini azalda bilər. Sürücülərə sürəti hava şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsi saxlamaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq tövsiyə edilib.

Qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücülərindən daşınan yükün qablaşdırılmasına xüsusi diqqət yetirmək istənilib. Sürücülərə avtomobillərini aşma və sürüşmə riski olan obyektlərdən uzaqda saxlamaq və mümkün olduqda qapalı dayanacaqlara üstünlük vermək tövsiyə olunub.

İdarə piyadaları da hava şəraitini nəzərə almağa və yolda təhlükə yarada biləcək davranışlardan çəkinməyə çağırıb.