“Beşiktaş”ın Gürcüstana səfəri əlverişsiz hava şəraiti səbəbindən çətinliklə üzləşib.
Metbuat.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, UEFA Avropa Liqasının V turunda “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq İstanbul təmsilçisinin təyyarəsi Batumi hava limanına enə bilməyib. Noyabrın 25-də İstanbulun Sabiha Gökçen hava limanından havaya qalxan təyyarə bir müddət havada dövrə vurduqdan sonra Rize-Artvin hava limanına yönləndirilib. Məlumata görə, komanda üzvləri buradan avtobusla Gürcüstanın Batumi şəhərinə yola düşüblər. Bildirilir ki, qarşılaşmanın hakimlər briqadası da hava şəraiti səbəbindən Batumiyə enə bilməyib və Trabzon hava limanına eniş edib. Yaşanan gecikmələr səbəbindən baş məşqçi Vinçentso İtalyanonun oyunöncəsi mətbuat konfransı ləğv olunub.
Qeyd edək ki, “Beşiktaş”la “Hapoel Beer-Şeva” arasında görüşün noyabrın 26-da Bakı vaxtı ilə 21:45-də keçirilməsi nəzərdə tutulur.