İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq avtomobil qəzası və azot oksidindən istifadə ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb. O, 12 ay şərti həbs cəzasına məhkum edilib.
Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya 18 aylıq sınaq müddəti və 100 saat ictimai iş cəzası təyin olunub. Sterlinq iki il müddətinə sürücülük hüququndan da məhrum edilib.
Hadisə mayın 28-də İngiltərənin cənubunda baş verib. “Lamborghini” markalı avtomobili idarə edən futbolçu zolaqları nizamsız dəyişərək yolun ayırıcı səddinə, daha sonra isə yol nişanına çırpılıb. Polis onu zədələnmiş avtomobildə, iki azot oksidi balonu ilə birlikdə tapıb.
Sterlinq təhlükəli avtomobil idarə etmək, “gülüş qazı” saxlamaq və qan analizi verməkdən imtina etmək ittihamlarını qəbul edib. Məhkəmə cəza təyin edərkən onun xeyriyyəçilik fəaliyyətini və asılılığın müalicəsi üçün yardım almasını nəzərə alıb.
Qeyd edək ki, Sterlinq “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu olub və milli komandanın heyətində 82 oyun keçirib. Karyerası ərzində “Liverpul”, “Çelsi”, “Arsenal” və “Feyenoord” klublarında da çıxış edib.