Liviyanın şərqindəki hərbi qüvvələrin lideri Xəlifə Həftar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

Metbuat.az “Haber Global”a istinadən bu, Həftarın Türkiyəyə ilk rəsmi səfəridir. Məlumata görə, səfər çərçivəsində o, xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, energetika naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu və MİT rəhbəri İbrahim Kalınla görüşüb.

Qeyd edək ki, Ankara son illərdə Liviyanın qərbindəki Tripoli hökuməti ilə əməkdaşlıqla yanaşı, ölkənin şərqindəki siyasi və hərbi qüvvələrlə də əlaqələri genişləndirib. Türkiyə ölkənin şərq və qərbindəki hərbi qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi məqsədilə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib. Həftarın Ankara səfəri öncəsi mühüm siyasi addımlardan biri də Liviyanın şərqindəki Nümayəndələr Palatasının 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz yurisdiksiyası haqqında sazişi təsdiqləməsi olub. Bu qərarla Ankara ilə siyasi əlaqələrin kəsilməsini nəzərdə tutan əvvəlki qərarlar da ləğv edilib.

Bu razılaşma Şərqi Aralıq dənizində enerji ehtiyatlarının araşdırılması və dəniz sərhədləri ilə bağlı əməkdaşlıq baxımından əhəmiyyət daşıyır. Həftarın səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tripolidə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsində iştirakı ərəfəsinə təsadüf edir. Ərdoğan bu səfəri reallaşdırarsa, 2011-ci ildən sonra ilk dəfə Liviyaya getmiş olacaq.