Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plana əsasən, şəhərdə 17 min nəfərin yaşaması, 4 250 mənzilin inşa edilməsi nəzərdə tutulur.

Bu barədə Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib ki, Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində rayonun əhalisi Azərbaycanın 56 rayonunda yerləşən 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.

Onun sözlərinə görə, işğal dövründə Kəlbəcərdə çoxsaylı tarixi-mədəniyyət abidələri, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, xəstəxanalar və digər sosial obyektlər dağıdılıb və talan edilib. Rayonun iqtisadi və mədəni irsinə ciddi ziyan vurulub.

Deputat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, həmin qərarlar uzun müddət icra edilməyib.

Vüqar İskəndərov xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu həmin il noyabrın 25-də Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Deputat işğal dövründə və ərazinin boşaldılması zamanı törədilən dağıntılara da diqqət çəkib. O bildirib ki, erməni sakinlər bölgəni tərk edərkən bir sıra evləri və bağları yandıraraq öz vandal davranışlarını nümayiş etdiriblər.

İskəndərovun sözlərinə görə, hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərin inkişaf planına uyğun olaraq, təxminən 290 hektar ərazidə 17 min nəfərin yaşayışı üçün şərait yaradılması nəzərdə tutulur.

Baş Plana əsasən, şəhərin mərkəzində orta mərtəbəli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi yaşayış evləri inşa ediləcək. Ümumi yaşayış fondunun 488 min kvadratmetr təşkil edəcəyi planlaşdırılır. Bunun 421 min kvadratmetrinin fərdi yaşayış evlərinin, 46 min kvadratmetrinin isə orta mərtəbəli binaların payına düşəcəyi bildirilir.

2040-cı ilədək əhalinin 4 250 mənzillə təmin olunması nəzərdə tutulur.

Şəhərdə 960 şagird yerlik 4 məktəb, 520 yerlik 4 uşaq bağçası, 160 çarpayılıq 2 xəstəxana və 150 çarpayılıq reabilitasiya mərkəzi tikiləcək. Həmçinin İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, ictimai-iaşə obyektlərinin və idman meydançalarının yaradılması planlaşdırılır.

Baş Plana görə, şəhər ərazisinin 22 faizini yaşıllıq sahələri təşkil edəcək. Bu məqsədlə 60 hektar ərazidə yaşıllıq zolaqları salınacaq. Beləliklə, adambaşına düşən yaşıllıq sahəsinin 33 kvadratmetr olması nəzərdə tutulur.

Bundan başqa, Kəlbəcərdə uzunluğu 27 kilometrdən artıq avtomobil yollarının və 22 kilometrlik velosiped yollarının salınması planlaşdırılır.

Deputat vurğulayıb ki, həyata keçirilən layihələr Kəlbəcərin müasir infrastruktura malik, yaşayış və turizm baxımından cəlbedici şəhərə çevrilməsinə imkan verəcək.