ABŞ-nin birinci xanımı Melaniya Tramp Nyu-Yorkda “Melania: The Series” adlı yeni sənədli mini-serialının təqdimatında iştirak edib. ABŞ Prezidenti Donald Tramp isə tədbirə qatılmayıb.
Metbuat.az xəbər verir ki, Melaniya mərasimə “Dolce & Gabbana” brendinə məxsus qara libasda gəlib. Donald Trampın tədbirdə olmaması onun Çinə səfərdən qayıtması ilə əlaqələndirilib.
İki bölümdən ibarət serial noyabrın 20-də Amazon Prime Video platformasında yayımlanıb. Layihədə Melaniyanın Ağ Evə qayıdışa hazırlığı, birinci xanım kimi fəaliyyəti və ailə həyatı əks olunub.
Serialın rejissoru Brett Ratnerdir. Layihədə əvvəllər yayımlanmamış kadrların təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, Melaniyanın əvvəlki sənədli filminin yayım hüquqları Amazon tərəfindən 40 milyon dollara alınıb, tanıtımına isə 35 milyon dollar xərclənib. Buna baxmayaraq, film dünya kinoteatrlarında cəmi 16,6 milyon dollar gəlir əldə edib.