Metbuat.az-ın növbəti müsahibi vizajist Nərmin Heydərovadır.
- Qadınlarla işləmək çətindi. Niyə məhz vizaj, makiyaj işlərini seçdiniz?
- Əslində makiyaj etməyə 17 yaşından özümü etməklə başladım. Bu prosses həmişə mənə zövq verib. Həmişə də ətrafımdakı tanışlara makiyajla bağlı məsləhətlər verirdim, ancaq heç kimi makiyaj etməyə risk etmirdim. Elə oldu ki, 1-2 il işsiz qaldım, bu fürsətdən istifadə edərək, kurslara yazıldım.
- Əvvəl nə ilə məşğul olmusunuz?
- Xarici Dillər Universitetinin Avropaşünaslıq fakültəsini bitirmişəm. İxtisasca diplomatam. Ancaq bu sahədə çalışmamışam. Logistika üzrə işləmişəm. Gözəlliyə 2 il bundan qabaq “make up”la başladım.
- Niyə birdən-birə sahənizi dəyişdiniz?
- İçimdəki sevgi məni bu sahəyə yönəltdi.
- Bu gün vizajistlər də çoxalıb. Ancaq 1-2 nəfərin əl işində fərqlilik var. Qalanların hər birinin işi oxşardı. Siz necə, fərqlilik yaratmağı düşünürsünüzmü? Yəqin bilirsiniz, seçilməsəniz tanına bilməyəcəksiniz.
- Düzdü, hamı eyni cür makiyaj edir. Artıq 1-2 ildir ki, təbilik dəbə qayıdıb. Mən bununla razıyam ki, insanın üz cizgilərininin individuallığını nəzərə alaraq, onu makiyaj etmək daha düzgündür. Şablondan çıxmaq lazımdır. Bir “make up” ustası bunu bacarırsa, artıq o seçilir.
- Elə bir məşhur varmı ki, düşünürsünüz ki, onu fərqli makiyaj edərək dəyişiklik etmiş olarsınız?
- Sözün düzü, bunu bir neçə adam etdi. (Gülür) Əslində elə adam çoxdur ki, makiyajı heç mənim xoşuma gəlmir. Əlimdə olsaydı, onun üzünü tamam yuyub, yenidən istədiyim kimi makiyaj edərdim.
Bacısı, tanınmış aparıcı, aktrisa Mələk Heydərova kənardan müsahibəmizə qoşulur:
- Qətiyyən ad çəkmək olmaz.
- Niyə, Mələk?
- (Gülür) Mən 7 ildi bu səhnədəyəm, bir dəfə ad çəkməmişəm.
Söhbətimizə dönürük:
- Üz quruluşları fərqlidir. “Make up” seçimi necə olmalıdır?
- “Make up” sahəsində çevriliş “contouring”lə oldu. Sonra “drepinq”, “stropinq” mərhələ-mərhələ dəriyə çəkilir. Bunlar hamısı “contiuring”in növləridir. İndi ”nonkontrinq” çıxıb. “Kontrinq” üzə kölgə vermək deməkdir. Əslində bunu 20-30 il bundan öncə də edirdilər. Ancaq adı başqa idi. Tutaq ki, qadının üzü yumrudur. Onun üzünə kölgə tünd-açıq rənglərlə verilərək uzunsov göstərilir. Badamcıqlar qabardılır. Kontrinqin üst səviyəsində də kölgə verilir. Ancaq heç nə olunmamış kimi görünür. Yəni, yumru üzdə kölgə yanaqdan qulağa tərəf çəkilməlidir. Haylaterlə xətt salınıb, önə çıxıntı yaradılmalıdır. Dördkünc üzlərə də yumru effekt vermək lazımdır. Üzün aşağı hissələrinə kölgə verərək, yuxarı hissələrini daha açıq etməklə yumru, yaxud, üçbucaq effekti vermək olar. Oval üz rahat olduğu üçün daha az kölgə verməklə, istədiyimiz effekti almaq olar. Üçkünc üzləri də yumrulaşdırmaq üçün tünd rəngli kölgəni çənəyə vermək lazımdır.
- Vizajist ilk olaraq gələn müştərinin üzündə hansı hissəyə diqqət etməlidir?
- Dərisinə və göz quruluşuna. Üz dərisi məsaməli olduqda artıq bilir ki, ona çox örtücü vurmaq lazımdır. Bir də ki, gözlə qaş arasındakı məsafəyə diqqət edilir. Çünki makiyajda ilk göz nəzərə çarpır.
- Siz hansı üz quruluşu ilə daha rahat işləyə bilirsiniz?
- Əlbəttə ki, oval, üçkünc üz quruluşları ilə işləmək daha asandır. Üzdə defektləri bağlamaq üçün az vaxt sərf olunur.
- Bəs hansı gözlər daha rahatdır işləmək üçün?
- İri gözlər. Çünki orda istədiyin makiyajı edib, effekt almaq olur.
- Makiyaj edərkən nələrə diqqət etmək lazımdır?
- Saç, üz quruluşu çox rol oynayır.
- “Line” daha çox hansı gözlərə yaraşır?
- Mən özüm gözə çox cəlbedici layner vurulmasının əleyhinəyəm. Çünki gözə çox kölgə verdikdə insanın yaşı çox görünür. Çox yumru gözlər var. Onlara kölgənin verilməsini ancaq peşəkar etməlidir.
- Makiyajın üzə yaxşı oturması üçün nələri bilmək lazımdır?
- Dəri pilinq, skrabla təmizlənməlidir. Soyuq effektli maskalar var, onlardan istifadə edilməlidir. Həmçinin dodaq da pilinq edilməlidir. Bundan sonra dəri nəmləndirilməlidir. Əgər dəri yağlıdırsa, nəmləndirici krem vurulmur.
- Bəzən deyirlər kosmetika zəif olduğu üçün makiyaj yaxşı oturmur.
- Bəli, bu kosmetikanın tərkibindən də asılıdır. Mütləq kosmetika dəriyə uyğun seçilməlidir. Dəri sağlamdırsa, onun üçün kosmetika seçmək də rahat olur.
- Üzə çox makiyaj olunduğu üçün dəri yorulur. Bunu necə aradan qaldırmaq olar?
- Hər gün vurulan makiyaj mütləq üzdən çıxarılmalıdır. Bunu yağla, yaxud köpüklə çıxartmaq olar. Hər axşam müəyyən təbii yağlarla gözün kənarlarına, ağız kənarlarına, yəni tez qırış düşən yerlərə çəkmək lazımdır.
- Bəzən gözə vurulan ten yaxşı oturmur. Bunun üçün nələr etmək lazımdır?
- Mütləq tenin altından dəriyə altlıq vurulmaldır, qurudulmalıdır. Bunlar çox hərəkət etdiyi üçün edilir ki, ten yayılmasın. Gözün üstünə pramer vurulmasa belə dəri sağlam vəziyyətdə olmalıdır. Çox quru, çox yağlı olmalı deyil. Ya quru, ya da yağlı dərisi olanlar mütamadi olaraq, bunun qarşısını almalıdır.
- Siz dərinizə necə qulluq edirsiniz? Hansısa özəl maskanız varmı?
- Quru dərisi olanlara zeytun, badam yağı vurulması məsləhətdir.
- Bu gün satışda saxta zeytun yağları çoxdur. Təbii zeytun yağını necə seçilməlidir?
- Güvənilən brendlərdən alınmaldır. “Bahadırsa, keyfiyyətli məhsuldur” fikiri yalan söhbətdir. O qədər güvənli məhsullar var ki, ucuzdur.
- Siz bir gənc vizajist kimi xanımlara nəyi məsləhət edirisiniz?
- Qadın səhər durur, istəyir dərisi gün boyu gözəl görünsün. Bu nə kosmetik vasitədən, nə estetik cərrahiyədən, nə də qalıcı makiyajdan asılıdır. Bunun üçün qadın birinci sağlam həyat tərzinə keçməlidir. İdmana, qidalara mütləq diqqət etsinlər.
- Dodaqların təravətli görünməsi üçün hansı tövsiyyəni verə bilərsiniz?
- Quru pomada çəkəndə, yaxud kontur edəndə dodaq quru olmasın deyə kofeyə, şəkərə, duza ayrı ayrılıqda zeytun yağı qatılıb, dodaq masaj edilir. Bundan sonra dodaq dərisi ölü hüceyrələrdən təmizlənərək təravətlənir.
- Bəs üzünüzün bu qədər gözəl olması üçün nə edirsiniz?
- Ancaq təbii məhsullardan istifadə edirəm. Dərimi həftədə 1 dəfə ya kofe skrabı, ya da soda ilə masaj edirəm. Yuduqdan sonra dərimə zeytun yağı çəkirəm. Əgər üzdə problemlər yoxdursa, bu cür qulluq dəriyə kifayət edir. Yox, problem varsa, artıq başqa maskalardan da istifadə olunmalıdır.
- Bəzi insanlar abartılı makiyaj edir. Belə makiyaj nə vaxt istifadə olunmalıdır?
- Doğrusu mən belə makiyajın tərəfdarı deyiləm. Ancaq və ancaq xüsusi tədbirlər üçün etmək məsləhətdir.
- Heç vaxt makiyaj etməyən biri ilk olaraq necə başlamalıdır?
- Üzün təravətli görünməsi üçün haylaterin və tuşun vurulması kifayət edir.
- Bəzən kosmetoloqlar makiyaj etmədən öncə maska qoyulmasını məsləhət edirlər.
- Bəli, maska üzü təravətləndirir, dərinin elastikiliyini bərpa edir. Bu da makiyajın üzdə yaxşı oturmasına kömək edir. Mən tərəfdarıyam ki, üzə ziyafət makiyajı olacaqsa, soyuq maskalar qoyulsun. Yaxud da makiyajdan öncə dəriyə buz da sürtmək olar. O zaman dəridə şiş varsa, çəkilir.
- Üz dərisinin gözəlliyi üçün nə etmək lazımdır?
- İlk əvvəl bol su içmək lazımdır. Bu dərinin gözəlliyi ilə bərabər cavanlığını da qoruyacaq. Şəkəri azaldıb əvəzinə tərəvəzi bol istifadə etmək lazımdır. Bəzi xanımlar səhər yeməyini şirniyyatla başlayır. Bunu davamlı etmək dərinin tez qırışmasına səbəb olur. Tərəvəzlərdən xiyar, banan maskasından istifadə etmək yaxşıdır. Banan, zeytun yağı, bal dəri qurudursa, 1 yumurtanın sarısına, yağlıdırsa, ağına qatıb vurmaq məsləhətlidir.
- Üzdən makiyajı silmək üçün təbii üsul varmı?
- Bəli, mən ya zeytun, ya da badam yağından istifadə edirəm. Yağı əlimlə üzümə çəkirəm, sonra köpüklə yuyuram.
- Gələcəkdə nələr etməyi düşünürsünüz?
- İdeyalarım var. Planlaşdırıb həyata keçirmək istəyərəm. Hələ açıqlamaq istəmirəm.
- Niyə mediadan qaçırsınız?
-(Gülür) Yox, bacımdan başqa mənim media ilə heç bir əlaqəm yoxdur.
- Vizual görüntünüz efir üçün fərqli bir aparıcı obrazı təsəvvürü yaradır. Özünüzü gələcəkdə aparıcı, aktrisa kimi görürsünüzmü?
- Deyirsiniz, Mələyin işlərini əlindən alım? Moda, sağlamlıq, gözəllik... bu mövzudan kənara çıxmaq istəmirəm. Bunlarla bağlı layihələr olsa, edərəm, başqa heç cür maraqlı deyil.
- Hər hansı reklam işi təklif olunsa, necə? Çünki sima kimi qəbul edildikdən sonra mütləq təkliflər alacaqsınız.
- Ancaq öz istiqamətimdə çəkilərəm.
- Dəbin hansı istiqaməti sizi özünə çəkir.
- Ümumiyyətlə, dəb uşaqlıqdan mənə maraqlıdır. Modern tərzi daha çox bəyənirəm.
- Çox insan geyimində 3-dən çox rəngi qata bilmir...
- Bəli, 5 rəngi də çox gözəl uyğunlaşdırıb, geyinmək olar. Hər şey təqdimatdan asılıdır. Bunun üçün rəng duyumun olmalıdır. Məsələn, boz rənglə çəhrayini, sarını, bənövşəyini, qırmızını... əsas odur biləsən ki, bunu geyimin hansı hissəsində qatırsan. Rəng zövqünü formalaşdırmaq üçün moda jurnallarını, saytları, tendensiyanı izləmək lazımdır.
- Yerli “make up” ustalarının əl işləri sizi qane edirmi?
- Mən daha çox əcnəbiləri izləyirəm və onların əl işlərini bəyənirəm. Bizdəkilərdən heç birinin əl işini bəyənmirəm.
Tahirə Əlirzayev \\ Metbuat.az
Foto: Müzəffər İsmayılov.