Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
The International News Safety Institute
https://newssafety.org/
Təşkilatın missiyası, fəaliyyət istiqamətləri
Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu (INSI) 2003-cü ildə yaradılıb. Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) onu müştərək təsis ediblər. Mərkəzi ofisi Böyük Britaniyada, Londonda yerləşir.
IMSI-nin yaradılması səbəbi dünyada jurnalist ölümlərinin və jurnalistlərə qarşı təhdidlərin sayının artması olub. BJF və IPI elan edirlər ki, media insidentləri ilə bağlı hesabatların hazırlanması vacibdir. Jurnalistlərin öldürülmələrindən, xəsarət almalarından və təhdid edilmələrindən sonra faktları qeydə almaq, hesabatlar hazırlamaqla onları diqqətdə saxlamaq, tədbirlər görmək mümkündür. Amma bu, jurnalistlərin həyatını xilas etmir. Jurnalistlərin həyatını xilas edəcək, onları təhdidlərdən qoruya biləcək tədbirlər proqramı işlənib hazırlanmalıdır. Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutunun missiyası məhz bu istiqamət üzrə tədbirlər hazırlayıb tətbiq etməkdən ibarətdir.
INSI bəyan edir ki, bütün jurnalistlər təqib və təhdidlərlərlə, təzyiqlərlə üzləşmədən öz peşələrini yerinə yetirmək hüququna malikdirlər. Media təşkiltları isə onlara bu hüquqlarını realizə etmək üçün yardım göstərməlidirlər.
Strukturu və metodologiyası
INSI üzv əsaslı təşkilatdır. Dünyanın 40-dan çox aparıcı media təşkilatını özündə birləşdirir. Bu sırada “Al JAZEERA”, BBC, CPJ (Jurnalist Hüquqlarını Müdafiə Komitəsi), DJV (Almaniya Jurnalistlər Birliyi), “The Guardian” kimi qlobal media təşkilatları və trans-Milli KİV-lər vardır. İnstitut böyük xəbər təşkilatlarını təmsil edən Qəyyumlar Şurası tərəfindən idarə olunur. Gündəlik işi 19 nəfərdən ibarət İdarə Heyəti həyata keçirir.
IMSI missiyasından irəli gələn fəaliyyətləri gerçəkləşdirmək üçün bir neçə istiqamət üzrə işləyir:
- - Jurnalistlərlə bağlı gündəlik ölüm və təhdid xarakterli məlumatları monitorinq edir. Faktları toplayır və yayır. Bu xəbərlər 11 dildə istehsal olunaraq ictimailəşdirilir.
- - Yaydığı xəbərləri arxivləşdirir. INSI-nin arxivləri dünyada media insidentləri barədə məlumat almaq üçün ən yaxşı mənbədir. Həm də ən uzun dövrü əhatə edir. 2000-ci illərin əvvəllərindən başlayaraq, media insidentləri barədə bütün xəbərlər arxivləşdirilib və onlayn mühitdə əlçatanlığı təmin edilib.
- - INSI-nin ən mühüm fəaliyyətlərindən biri jurnalistlər üçün təhlükəsizlik təlimatları hazırlamaq, təlimlər təşkil etməkdir.
IMSI-nin mühüm bir fəaliyyəti jurnalistlər üçün “Təhlükəsizlik Kodeksi”ni formalaşdırmasıdır. Kodeksdə qeyd edilir ki, jurnalistlər işlədikləri mühitin heç vaxt tam təhlükəsiz olmayacağını dərk edirlər. Amma bu riskləri önləmək mümkündür. INSI jurnalistlər üçün lazımsız riskləri aradan qaldırmağa çalışır. İnstitut tərəfindən hazırlanan “Təhlükəsizlik Kodeksi” bu istiqamətdə yol xəritəsi rolunu oynayır. O, xəbərlərin sərbəst və müstəqil toplanması və yayılması üçün fiziki və psixoloji maneələrin yox edilməsini hədəfləyir.
Jurnalistlər üçün Təhlükəsizlik Kodeksi
IMSI-nin mütəxəssisləri tərəfindən hazırlanmış qlobal səviyyədə tanınmış “Təhlükəsizlik Kodeksi”ndə deyilir:
1. Həyatın qorunması hər şeydən vacibdir. Ştatlı jurnalistlər və frilanser (sərbəst çalışan) xəbərin arxasınca gedərkən əsassız risklərdən yayınmağın vacib olduğunu bilməlidirlər. Xəbər təşkilatları öz əməkdaşlarını riskli bölgələrə göndərərkən, rəqabət üstünlüklərindən öncə jurnalistin təhlükəsizliyini nəzərə almalıdırlar.
2. İstər ölkə daxilində, istərsə də xaricdə riskli bölgələrə ezamiyyələr könüllü olmalı, təcrübəli xəbər toplayanları cəlb etməlidir. Yalnız ciddi risk qiymətləndirməsi aparıldıqdan sonra həyata keçirilməlidir. Təhlükəli tapşırıqdan imtina edən heç bir jurnalist buna görə cəzalandırılmamalıdır.
3. Ezam edilən jurnalistlər riskli mühitə göndərilməzdən əvvəl risk barədə məlumatlılıq təlimi almalıdırlar. Buraya rəqəmsal təhlükəsizlik, ətraf mühit təhlükəsizliyi, ilk yardım üzrə təlimlər daxildir.
4. Bu cür risklərin törətdiyi potensial psixoloji travma da daxil olmaqla, onlayn təcavüzlə mübarizəyə də diqqət yetirilməlidir.
5. İşəgötürənlər jurnalistlərin yerlərdəki şərait haqqında məlumatlandırılmasını, beynəlxalq silahlı münaqişə qaydaları və humanitar hüquqdan xəbərdar olmasını təmin etməlidirlər.
6. Jurnalistlər qoruyucu jiletlər, dəbilqələr, geyimlər də daxil olmaqla effektiv təhlükəsizlik avadanlığı ilə təmin etməlidirlər.
7. Zərurət olduqda, işəgötürənlər təhlükəsizlik məsləhətçilərindən faydalanmalı, əməkdaşları üçün təhlükəsizlik müşayiəti təmin etməlidirlər.
8.Jurnalistlər və frilanserlər riskli ərazilərdə işləyərkən şəxsi zədə, təcili evakuasiya və ölüm hallarını əhatə edən sığorta ilə təmin olunmalıdırlar.
9. Jurnalistlər neytral müşahidəçilərdirlər. Heç bir media mənsubu öz işində odlu silah gəzdirməməlidir.
10. Jurnalistlər heç vaxt şəxsi və ya peşəkar sosial media kanallarında məxfi məlumatları paylaşmamalı, özlərini və ya həmkarlarını riskə ata biləcək hər hansı məzmunu dərc etməkdən çəkinməlidirlər.
INSI Hesabatları və Arxivləri
INSI media insidentlərini əhatə edən “Killing the Messenger” adlı illik hesabatını hazırlayır. Bu, dünyanın hər yerində baş vermiş jurnalist itkiləri haqqında illik hesabatıdır. Statistik hesabat iş nəticəsində öldürülən jurnalistləri, texniki heyəti və vətəndaş jurnalistləri əhatə edir. Hesabat Təşkilatın saytında - “Media qurbanları” xanasında yerləşdirlib. Ötən hər bir il üzrə jurnalist itkilərinin sayını, baş vermiş hadisənin qısa təsvirini burada görmək mümkündür.
Təhlükəsizlik üzrə peşəkar təlimlər
INSI jurnalistlər üçün təhlükəsizlik təlimi təşkil edən təşkilatların işini araşdırır, keyfiyyətli olanlarını öz auditoriyasına təklif edir. Həmçinin, onların işini koordinasiya edir. INSI jurnalistlər üçün təhlükəsizlik təlimləri təşkil edən təşkilatların kataloqunu yaradıb, onu öz saytında yerləşdirib. Hansı təşkilatlar təlim keçir, hansı təşkilatlar təhlükəsizlik avadanlıqları və geyimləri təklif edir, hansı təşkilatlar sığorta təklif edir və sair. Hamısının adı və ünvanı araşdırılır, etimadlılığı yoxlanıldıqdan sonra INSI kataloqunda yerləşdirilir. Məsələn, təşkilatın saytında belə bir elan var: “SEPAR Beynəlxalq Qrupu risklərin idarə edilməsi, təlim və təşkilati işlərlə məşğul olan şirkətdir. SEPAR Beynəlxalq Qrupu 2013-cü ildə Britaniya Ordusunda təhlükəsizlik, kəşfiyyat və mühafizə sahəsində proqramlar gerçəkləşdirib. Bu sahədə təcrübəyə malikdir. Hazırda dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. SEPAR media təhlükəsizliyi üzrə də ixtisaslaşıb, əməliyyat planlaşdırması, kəşfiyyat, peşəkar yerləşdirmə və yardımı əhatə edən sürətli, 24-7 məsləhət təklif edir. Təlim INSI-nin Böyük Britaniya, Keniya və digər ofislərində təşkil olunur”.
Yaxud, kataloqda “Lazarus Training” adlandırılan qrup haqqında yazılır: “2011-ci ildən bəri Lazarus Training media sənayesi və onların daha geniş müştəri bazası üçün tibbi və təhlükəsizlik təlimləri təqdim edir. Lazarus media orqanları üçün sifarişli paketlər hazırlaya bilər”.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.
Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.
Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.