Yüksək oktan ədədi ilə seçilən aviasiya benzininin avtomobil mühərrikini daha güclü işlədəcəyi düşünülə bilər. Amma təyyarə mühərrikləri üçün hazırlanan bu yanacaq avtomobilə uyğun deyil və onun bəzi hissələrini sıradan çıxara bilər.
Metbuat.az Türkiyənin “Chip” nəşrinə istinadən xəbər verir ki, aviasiya benzini (Avgas) ilə adi avtomobil benzini arasındakı əsas fərq tərkibindəki qatqı maddələridir. Aviasiya benzinində etanol olmur, geniş yayılmış növlərinə isə qurğuşun qatılır.
Yanma zamanı qurğuşun avtomobilin oksigen sensorlarına və katalitik neytrallaşdırıcısına zərər verir. Şamların üzərində çöküntü yaradır və qısaqapanmaya səbəb ola bilir.
Avtomobil yanacağından çıxarılan qurğuşunun aviasiyada saxlanmasının səbəbi var. Bu maddə yanacağın detonasiyaya, yəni vaxtından əvvəl və qeyri-bərabər yanmaya davamlılığını artırır. Havada mühərrikin sıradan çıxması avtomobildəkindən qat-qat ağır nəticə verir.
Aviasiya benzininə təyyarə mühərrikinin uzun müddət sabit yük altında işləməsi üçün başqa qatqılar da vurulur. Onların bir hissəsi, o cümlədən aromatik birləşmələr zəhərlidir.
Bu yanacağa maraq əsasən avtomobil yarışçılarından gəlib. Aviasiya benzininin bəzi növlərinin oktan ədədi 100-dür. Oktan ədədi artdıqca yanacağın detonasiyaya davamlılığı da artır.
Yanacağın populyarlığına qiyməti və əlçatanlığı da təsir edib. Onu kiçik hava limanlarında belə tapmaq mümkün olduğundan bir çox yarışçı əvvəllər ondan istifadə edib.
Lakin təyyarə və avtomobil mühərrikləri fərqli rejimdə işləyir. Təyyarə mühərriki uzun müddət demək olar ki, sabit dövrdə və yük altında işləyir. Yarış avtomobilində isə dövrlər və qazın verilməsi daim dəyişir. Aviasiya benzini silindrdə daha aşağı təzyiq yaradır, bu da əlavə çatışmazlıqdır.
Nəşr yazır ki, qiymət və əlçatanlıqdan başqa aviasiya benzininin yarış avtomobilinə nəzərəçarpan üstünlüyü yoxdur.
Yarış mühərrikləri üçün ayrıca yanacaqlar istehsal olunur. Onların oktan ədədi aviasiya benzinindən də yüksəkdir, tərkibi isə məhz yarış mühərrikinin iş şəraitinə uyğunlaşdırılır.
Qeyd edək ki, avtomobillərdə qurğuşunlu benzinin istifadəsi dünyada 2021-ci ildə tamamilə dayandırılıb. BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, Əlcəzair həmin ilin iyulunda bu yanacağın istifadəsinə son qoyan sonuncu ölkə olub.
Aviasiya sahəsində isə qurğuşunlu benzin hələ də piston mühərrikli təyyarələrin bir hissəsində istifadə olunur. ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) müvafiq təşəbbüs çərçivəsində 2030-cu ilin sonunadək ümumi aviasiyada qurğuşunlu yanacağın istifadəsini təhlükəsiz şəkildə dayandırmağı hədəfləyir.