UEFA Avropa Liqasının V turunda İsrailin “Hapoel Beer Şeva” komandasını 2:1 hesabı ilə məğlub edən “Beşiktaş” Türkiyəyə qayıdıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Sabiha Gökçen hava limanında komandanı çoxsaylı azarkeş qarşılayıb. Onların arasında “Fənərbağça” və “Qalatasaray” azarkeşləri də olub.

Futbolçu Orkun Kökçü hava limanında jurnalistlərə açıqlama verib:

“Bəli, çox yorulmuşuq. Amma şükürlər olsun ki, 3 xalla qayıtmağı bacardıq. İndi dincəlmək istəyirik, çünki qarşıda yenə vacib oyun var. Bazar ertəsi derbi keçirəcəyik. Bu matç bizim üçün çox önəmlidir. Ona görə də tezliklə evə getmək istəyirəm”.

Qeyd edək ki, təhlükəsizlik səbəbindən Gürcüstanın Batumi şəhərində keçirilən oyun 25-ci dəqiqədə dayandırılıb. Gürcüstan polisi Fələstin bayraqları və plakatları açan türkiyəli azarkeşlərə gözyaşardıcı qazla müdaxilə edib. Hakim Morten Kroq köməkçiləri ilə birlikdə paltardəyişmə otağına gedib. Xəsarət alan bir azarkeş təcili yardımla aparılıb.

Türkiyə və Gürcüstan rəsmiləri arasında aparılan danışıqlardan sonra vəziyyət sakitləşib. Oyun təxminən 30 dəqiqəlik fasilədən sonra davam etdirilib.

“Beşiktaş”ın qollarını 75-ci dəqiqədə Junior Olaitan, 90-cı dəqiqədə isə Orkun Kökçü vurub. Rəqibin yeganə qolunu 90+3-cü dəqiqədə Cavon İst vurub.

Türkiyə tərəfi stadionun içində və ətrafında azarkeşlərə qarşı müdaxiləni qəbuledilməz adlandırıb. “Qalatasaray” klubu da “Beşiktaş” azarkeşlərinə dəstək açıqlaması yayıb.