Gürcüstan Daxili İşlər Nazirliyi “Beşiktaş” azarkeşlərinə qarşı polisin müdaxiləsi ilə bağlı açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, nazirlik hadisələrin stadiondan kənarda azarkeşlər tərəfindən başladıldığını iddia edib. Bildirilib ki, noyabrın 26-da “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyun zamanı təhlükəsizliyi təmin etmək üçün Batumidə əlavə polis qüvvələri yerləşdirilib.
Nazirliyin iddiasına görə, azarkeşlər stadion istiqamətində yürüş zamanı nalayiq şüarlar səsləndirib və polisə müxtəlif əşyalar atıblar. Onların hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmadığı və polislərlə fiziki qarşıdurmaya girdiyi bildirilib.
Açıqlamada bəzi azarkeşlərin stadionda da aqressiv davranışlarını davam etdirdiyi, oturacaqları qopararaq polis əməkdaşlarına atdığı qeyd olunub. Polisin gərginliyi azaltmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə müdaxilə etdiyi vurğulanıb.
Nazirlik polis müdaxiləsinin Fələstin bayraqları və pankartlarının açılması ilə əlaqəli olduğu barədə iddiaları da təkzib edib. Bildirilib ki, azarkeşlərlə polis arasında qarşıdurma həmin bayraqlar açılmamışdan əvvəl, stadiona yürüş zamanı başlayıb.