“Napoli”nin hücumçusu Rasmus Hoylund “Mançester Siti” ilə qarşılaşmada vurduğu qolla yanaşı, qol sevincindəki hərəkəti ilə də diqqət çəkib.
Metbuat.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Hoylund matçın 55-ci dəqiqəsində hesabı açaraq komandasını önə keçirib. Danimarkalı hücumçu qolunu qeyd edərkən tribunadakı azarkeşlərə tərəf dönərək “Mançesterdə yalnız bir klub var!” deyə qışqırıb. O, bir barmağını yuxarı qaldıraraq bu sözlərlə “Mançester Yunayted”ə bağlılığını nümayiş etdirib. Qarşılaşmadan sonra TNT Sports-a danışan futbolçu hərəkətinin zarafat xarakterli sataşma olduğunu bildirib. Hoylund “Mançester Siti” ilə “Mançester Yunayted” arasındakı rəqabəti hər kəsin bildiyini deyib.
O, əvvəllər “Yunayted”də çıxış etdiyini xatırladaraq bu komandanın onun klubu olduğunu vurğulayıb. Hücumçu bildirib ki, “Siti”yə qarşı heç bir şəxsi münasibəti yoxdur. Hoylundun sözlərinə görə, o, “Etihad” stadionunda qola imza atdığına görə sevinib, lakin “Napoli” üç xal qazana bilmədiyi üçün məyus qalıb.