Qrenlandiyanın paytaxtı Nuuk azsaylı əhalisi və coğrafi xüsusiyyətləri ilə dünyanın ən qeyri-adi inzibati mərkəzlərindən biridir.
Metbuat.az xəbər verir ki, 19 min 800 nəfərin yaşadığı şəhər dünyanın əhalisinə görə ən kiçik paytaxtlarından biri hesab edilir. Nuuk eyni zamanda Qrenlandiya əhalisinin üçdə birindən çoxuna ev sahibliyi edir. Şəhərin əsas xüsusiyyətlərindən biri digər yaşayış məntəqələri ilə avtomobil yolu əlaqəsinin olmamasıdır. Sərt Arktika iqlimi və qayalı fiyordlar quru nəqliyyatını məhdudlaşdırır. Bu səbəbdən şəhərə və adanın digər yaşayış məntəqələrinə gediş-gəliş əsasən hava və dəniz yolu ilə həyata keçirilir. Qeyd edək ki, 2,16 milyon kvadratkilometr əraziyə malik Qrenlandiya dünyanın ən böyük adasıdır. Adanın əhalisinin böyük hissəsi sahilboyu kiçik yaşayış məntəqələrində məskunlaşıb.
Nuuk isə həm əhalisinin sayına, həm də inkişaf səviyyəsinə görə adanın əsas mərkəzi hesab olunur. Şəhərdə gündəlik həyat əsasən balıqçılıq, liman fəaliyyəti və dövlət idarəçiliyi ətrafında formalaşıb.