Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "TikTok" sosial şəbəkəsinin gənclərə təsiri ilə bağlı sərt fikirlər səsləndirib.
Metbuat.az xəbər verir ki, o, platformanın insan beyninə, xüsusilə də gənc nəslin düşüncə tərzinə mənfi təsir göstərdiyini bildirib.
Bu barədə Tokayev Moskvada keçirilən AI Journey 2026 beynəlxalq konfransı çərçivəsində gənc süni intellekt istedadları ilə görüşündə danışıb.
Prezidentin sözlərinə görə, smartfonlar insanların gündəlik həyatında mühüm yer tutsa da, onların imkanlarından daha səmərəli istifadə etmək mümkündür.
“İnsanlar smartfonu əsasən zəng etmək, mesajlaşmaq və film izləmək üçün istifadə edirlər. Bir də TikTok var. Bu, insan beynini, xüsusilə də gənclərin beynini məhv edən dəhşətli bir şeydir”, – deyə Tokayev bildirib.
Qazaxıstan lideri eyni zamanda rəqəmsal texnologiyaların iqtisadi imkanlarına diqqət çəkib. O qeyd edib ki, internetə çıxışın olması insanlara yaşadıqları yerdən asılı olmayaraq gəlir əldə etmək imkanı yaradır.
Tokayev hesab edir ki, bunun üçün əhalinin rəqəmsal bacarıqlarının artırılması və müvafiq təlimlərin təşkili vacibdir. O, bu yanaşmanı “xalqın rəqəmsal iqtisadiyyatı” adlandırıb.