Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda aslan görüldüyü barədə yayılan məlumatlar təsdiqlənməyib.

Metbuat.az xəbər verir ki, İstanbul Valiliyinin açıqlamasına görə, noyabrın 22-də Uskumruköy məhəlləsindəki meşəlik ərazidə aslan görüldüyü barədə məlumat daxil olub.

Məlumat əsasında təbiəti mühafizə, jandarma, AFAD və bələdiyyə əməkdaşları ərazidə axtarış aparıblar. Ərazi termal kameralı dronlarla və yerdən yoxlanılıb, həmçinin hərəkət sensorlu kameralar quraşdırılıb.

Valilikdən bildirib ki, axtarışlar zamanı ərazidə aslan olduğuna dair heç bir konkret sübut aşkarlanmayıb. Sonradan əldə edilən görüntülərin araşdırılması nəticəsində də kadrlardakı heyvanın aslan və ya digər iri pişik növlərindən olmadığı qənaətinə gəlinib.

Açıqlamada yeni məlumat daxil olacağı təqdirdə araşdırmanın yenidən aparılacağı qeyd edilib.