Belçikanın Flaman bölgəsində süni intellektdən istifadə edilərək həyata keçirilən genişmiqyaslı kiberhücum nəticəsində 1,2 milyon nəfərin şəxsi və maliyyə məlumatları ələ keçirilib.

Metbuat.az xəbər verir ki, hücum bölgədəki 82 bələdiyyənin sistemlərini əhatə edib. Hadisə Belçikanın indiyədək üzləşdiyi ən böyük kibertəhlükəsizlik insidentlərindən biri hesab edilir. “Secutec” və “SOCRadar” şirkətlərinin araşdırmasına görə, hakerlər birbaşa bələdiyyələrin sistemlərinə deyil, onlara xidmət göstərən şirkətin serverinə hücum ediblər. Bildirilir ki, təhlükəsizlik boşluqlarından istifadə edən hücumçular qorunmayan serverə daxil olaraq çoxsaylı bələdiyyələrin məlumatlarını əldə ediblər. “Məlumata görə, hücum zamanı ələ keçirilən həssas məlumatlar daha sonra internetdə yayımlanıb.

Məlumatlar arasında vətəndaşların adları, soyadları, yaşayış ünvanları, doğum tarixləri, şəxsiyyət və qeydiyyat nömrələri, bank hesablarının IBAN məlumatları və avtomobil nömrələri yer alıb. Hücumun diqqətçəkən tərəfi isə xüsusi texniki biliyi olmayan şəxsin süni intellektin köməyi ilə zərərli proqram hazırlaması olub.