Dünyanın bəzi bölgələrində yay aylarında həftələrlə, hətta aylarla gecə düşmür.

Metbuat.az xəbər verir ki, bu ərazilərdə Günəş uzun müddət üfüqün altına enmir və gecə yarısı belə göy üzündə qalır. “Qütb günü” adlanan bu təbiət hadisəsi əsasən Şimal qütb dairəsi ətrafında müşahidə olunur. Məlumata görə, Norveç, İsveç, Finlandiya, Qrenlandiya, Alyaska və Kanadanın şimal bölgələri bu ərazilər sırasındadır. Norveçin Tromso şəhərində və Lofoten adalarında Günəş təxminən 76 gün batmır. İsveçin şimalında bu müddət 50 gün, Finlandiyanın Laplandiya bölgəsində isə 70 gündən çox olur. ABŞ-nin Alyaska ştatındakı Utkiyaqvik şəhərində təxminən 84 gün gecə yaşanmır. Qrenlandiyanın bəzi yaşayış məntəqələrində də Günəş aprelin sonundan avqusta qədər üfüqün altına enmir.

Bildirilir ki, İslandiya və Kanadanın şimal ərazilərində də yayda uzun müddət fasiləsiz gün işığı müşahidə olunur. Qışda isə bunun əksi baş verir və bəzi bölgələrdə həftələrlə Günəş üfüqün üzərinə qalxmır. Bu hadisələrin əsas səbəbi Yerin fırlanma oxunun təxminən 23,5 dərəcə maili olmasıdır.