Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Metbuat.az xəbər verir ki, prosesdə təqsirləndirlən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.

Növbəti iclas dekabrın 9-na təyin olunub.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb.

Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Müəyyən olunub ki, əməli 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadi törədib.

Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.