ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra açıqlama verib.
Metbuat.az xəbər verir ki, görüş Florida ştatındakı Mar-a-Laqo malikanəsində baş tutub. Danışıqlar mətbuata qapalı keçirilib. Ağ Evin yaydığı məlumata görə, əsas müzakirə mövzuları Ukrayna müharibəsi və İrandakı vəziyyət olub. Tərəflər Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez sülh yolu ilə başa çatmasının vacibliyini vurğulayıblar.
Tramp bildirib ki, ABŞ-nin müdafiə şirkətləri 20-dən çox yeni istehsal müəssisəsinin tikintisini davam etdirir. Bu zavodlarda “Patriot”, THAAD sistemləri, “Tomahawk” raketləri və digər silahlar istehsal olunacaq. O, ABŞ-nin indiyədək bu qədər hərbi texnika və sursat istehsal etmədiyini qeyd edib. Trampın sözlərinə görə, bundan müttəfiq və tərəfdaş ölkələr də faydalanacaq.
ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukrayna müharibəsinin dayandırılmasını müzakirə etdiyini də bildirib. O, Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunacağına ümid etdiyini vurğulayıb.