Kanadanın Vaterloo Universitetinin alimləri plastik tullantıları günəş işığının köməyi ilə sirkə turşusuna çevirən üsul hazırlayıblar.

Metbuat.az xəbər verir ki, universitetin bu ilin əvvəlində açıqladığı tədqiqat “Advanced Energy Materials” jurnalında dərc olunub. Üsulun ideyası bəzi göbələklərin təbiətdə üzvi maddələri parçalamaq qabiliyyətindən götürülüb.

Alimlər bu təbii prosesi təqlid etmək üçün karbon nitrid materialına ayrı-ayrı dəmir atomları yerləşdirərək xüsusi katalizator hazırlayıblar. Katalizator günəş işığının təsiri ilə aktivləşir və plastiki sirkə turşusuna çevirən kimyəvi reaksiyaları başladır.

Tədqiqatda PET (polietilen tereftalat) və PVC (polivinilxlorid) ilə yanaşı, polietilen və polipropilen də sınaqdan keçirilib. Bunlar ən geniş yayılmış plastik növləridir.

Tədqiqata rəhbərlik edən professor Yimin Vunun sözlərinə görə, proses plastiki atmosferə əlavə karbon qazı buraxmadan parçalayır. Onun fikrincə, bu üsul plastikin poliqona göndərilməsi və ya yandırılması ilə müqayisədə daha təmiz alternativ ola bilər.

Texnologiya çirklənmiş çaylara və okeanlara birbaşa katalizator tökməklə işləmir. Plastik tullantılar əvvəlcə toplanmalı, sonra su və lazımi kimyəvi maddələrin olduğu xüsusi reaktora yerləşdirilməlidir.

Alınan sirkə turşusunu hazırda qida məhsullarında istifadə etmək olmaz. Bunun üçün məhsul zərərli qarışıqlardan təmizlənməli və qida təhlükəsizliyi standartlarına uyğunluğu təsdiqlənməlidir. Təmizlənmiş turşu sənayedə və kimyəvi maddələrin istehsalında işlənə bilər.

Texnologiya hələ laboratoriya mərhələsindədir. Onun böyük həcmdə tullantı emalında iqtisadi baxımdan sərfəli olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2022-ci il hesabatına görə, dünyada plastik tullantıların cəmi 9 faizi təkrar emal olunur. Qalan hissə poliqonlara göndərilir, yandırılır və ya ətraf mühitə düşür.