Son dövrlər “BYD”, “Chery”, “Geely” və digər müasir avtomobillərdə sürəti avtomatik tənzimləyən, qəza riskini azaltmağa kömək edən texnologiyalar geniş yayılıb. Bu sistemlərin etibarlılığı və sürücülərin onlara güvənərək sürət həddini aşmasının yarada biləcəyi təhlükələr müzakirə mövzusudur.

Məsələ ilə bağlı Metbuat.az-ın sualını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, müasir avtomobillərdə tətbiq olunan təhlükəsizlik texnologiyaları bu günün tələbidir. Ekspert qeyd edib ki, bu texnologiyalar sürücünün, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi, eləcə də qəza risklərinin azaldılması üçün nəzərdə tutulub:

“Avtomobilin harada istehsal olunmasından və markasından asılı olmayaraq, belə sistemlər geniş tətbiq edilir. Bu texnologiyalar müəyyən sınaqlardan keçirilir, müvafiq qurumlar tərəfindən yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır”.

E.Cəfərovun sözlərinə görə, avtomobil alarkən onun hansı şirkətdən və hansı şərtlərlə gətirildiyinə xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə Azərbaycanda rəsmi nümayəndəliyi olmayan şirkətlərdən alınan avtomobillərdə istehsal qüsurları ilə bağlı problemlər yarana bilər:

“Əgər avtomobili Azərbaycanda nümayəndəliyi olmayan, istehsalçı ilə əlaqəsi olmayan şəxslərdən alırsınızsa, təhlükəsizlik sistemlərində nasazlıq yaranması barədə məlumatınız olmaya bilər. Məsələn, təhlükəsizlik kəməri işləməyə, hava yastığı açılmaya və ya maneə qarşısında avtomobilin avtomatik dayanma funksiyası işə düşməyə bilər. Bu, zavod qüsuru ilə də bağlı ola bilər”.

Ekspert əlavə edib ki, rəsmi nümayəndəlik vasitəsilə avtomobil alan müştərilər istehsalçı tərəfindən müəyyən edilmiş qüsurlar barədə məlumatlandırılır və nasazlıqlar zəmanət çərçivəsində aradan qaldırılır.

“Vətəndaşlara tövsiyə edirəm ki, avtomobil alarkən onun istehsalçı ilə rəsmi əlaqəsinin olub-olmadığını araşdırsınlar. Yeni avtomobili zəmanətsiz almasınlar, zəmanət şərtlərinə diqqət yetirsinlər. İstehsalçı zəmanət verirmi, bunu mütləq dəqiqləşdirmək lazımdır. Yeni avtomobillərdə zəmanət müddəti ən azı 5 il olmalıdır”, - E.Cəfərov vurğulayıb.