Bəzi insanlar səhər yuxudan oyanan kimi əsəbi, hövsələsiz və gərgin olurlar. Hətta günə heç bir problem yaşamadan başlasalar belə, ətrafdakılarla ünsiyyət qurmaq istəmir, kiçik məsələlərə belə sərt reaksiya verirlər.
Metbuat.az xəbər verir ki, bu hal hər zaman insanın xarakteri və ya əhvalı ilə bağlı olmur. Bəzən bunun arxasında yuxu keyfiyyəti, beynin oyanma prosesi, bioloji saat və gündəlik stress dayanır.
Mütəxəssislərin izahına görə, yuxudan oyanmaqla tam ayılmaq eyni proses deyil. Beyin yuxu vəziyyətindən aktivliyə keçərkən müəyyən müddətə diqqət, düşünmə və emosiyaları idarə etmək qabiliyyəti zəifləyə bilər.
Bu vəziyyətin elmi izahlarından biri yuxu inersiyasıdır (Sleep Inertia). Bu, insanın yuxudan oyandıqdan sonra beyninin tam ayılmasına qədər davam edən keçid mərhələsidir.
ABŞ-ın Cleveland Clinic tibb mərkəzinin məlumatına görə, yuxu inersiyası zamanı insanda diqqətsizlik, düşünmə və qərarvermədə çətinlik, əhval dəyişiklikləri və əsəbilik müşahidə oluna bilər. Bu hal adətən 15–60 dəqiqə davam edir, yuxusuzluq olduqda isə daha uzun çəkə bilər.
Səhər əsəbiliyinə səbəb olan 5 amili təqdim edirik:
1. Keyfiyyətsiz və az yuxu
İnsan kifayət qədər yatmadıqda beyin və sinir sistemi tam bərpa olunmur. Nəticədə səhər yorğunluq, diqqət dağınıqlığı və emosional həssaslıq artır. Xüsusilə gecə tez-tez oyanmaq və yuxu rejiminin pozulması səhər əhvalına təsir göstərə bilər.
2. Dərin yuxudan qəfil oyanmaq
İnsan dərin yuxu mərhələsində olarkən zəngli saatın səsinə qəfil oyanarsa, beynin ayılma prosesi çətinləşə bilər. Bu zaman insan özünü çaşqın, yorğun və əsəbi hiss edə bilər.
3. Stress və kortizolun gündəlik ritmi
Kortizol orqanizmin stress reaksiyasında iştirak edən hormondur. Onun səviyyəsi sutka ərzində dəyişir və səhər saatlarında yüksəlir. Bu proses bədəni günün fəaliyyətinə hazırlayan bioloji mexanizmlərdən biridir.
Bristol Universitetinin 2025-ci ildə açıqladığı araşdırmada 201 nəfərin iştirakı ilə kortizolun oyanmadan əvvəl və sonrakı dinamikası öyrənilib. Nəticələr göstərib ki, oyanma anının özü kortizol ifrazının sürətini artırmır. Buna görə də səhər əsəbiliyini yalnız kortizolla izah etmək düzgün deyil.
4. Bioloji saatın pozulması
Hər gün fərqli saatlarda yatmaq və oyanmaq orqanizmin daxili saatına təsir edir. Xüsusilə gec yatıb səhər erkən oyanmağa məcbur olan insanlarda yorğunluq və emosional gərginlik daha çox hiss edilə bilər.
5. Günə psixoloji gərginliklə başlamaq
İnsanın qarşıdakı günlə bağlı narahatlıqları, iş yükü, həll olunmamış problemləri və məsuliyyət hissi səhər əhvalına təsir göstərə bilər. Bəzən insan hələ yataqdan qalxmadan gün ərzində qarşılaşacağı çətinlikləri düşünməyə başlayır. Bu da gərginlik hissini gücləndirə bilər.