Fransa və Vanuatu Sakit okeandakı iki kiçik ada və onların ətrafındakı geniş dəniz ərazisinə görə qarşı-qarşıya gəliblər.
Metbuat.az xəbər verir ki, onilliklərdir davam edən ərazi mübahisəsi beynəlxalq məhkəmə müstəvisinə çıxarılıb. Məlumata görə, söhbət Metyu və Hanter adalarından gedir. Cəmi 1,3 kvadratkilometr ərazisi olan bu adalarda daimi yaşayış yoxdur. Bildirilir ki, Fransa adaları Yeni Kaledoniyanın ərazisi hesab edir. Vanuatu isə yerli əhalinin bu torpaqlarla tarixi və mədəni bağlarının olduğunu bildirir.
Mübahisənin əsas səbəbi adaların ətrafındakı 350 min kvadratkilometrlik iqtisadi zonadır. Bu ərazi zəngin balıqçılıq sahələri və sualtı ehtiyatlarla diqqət çəkir. Bildirilir ki, Vanuatu adalar üzərində suverenliyinin tanınması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ölkə eyni zamanda BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində arbitraj prosesinə başlayıb.
Vanuatu adaların beynəlxalq hüquqa görə yaşayış üçün yararlı ada deyil, qayalıq hesab edilməli olduğunu müdafiə edir. Bu mövqe qəbul olunarsa, Fransanın həmin ərazidəki iqtisadi hüquqları ciddi şəkildə məhdudlaşa bilər. Fransa isə ərazi üzərində suverenliyindən imtina etmək niyyətində olmadığını açıqlayıb.