ABŞ Prezidenti Donald Trampın administrasiyasının bir sıra üzvləri təhlükəsizlik səbəbindən hərbi bazalara köçüblər.

Metbuat.az “TRTHaber”ə istinadən xəbər verir ki, Vaşinqtonda yüksək rütbəli hərbçilər üçün nəzərdə tutulan xüsusi yaşayış evlərində hazırda administrasiyanın təxminən altı nümayəndəsi qalır. Məlumata görə, son olaraq maliyyə naziri Skott Bessent də bu qərarı verib. O, İrandan gəldiyi bildirilən ölüm təhdidlərinə görə Corctaundakı malikanəsini tərk edib. Bildirilir ki, Ədliyyə naziri Todd Blanş və onun sələfi Pem Bondi də hərbi bazada məskunlaşıb. Ağ Evin baş katibinin müavini Stiven Miller və ailəsi də eyni addımı atıb. Rəsmilər qərarın həm xarici təhdidlər, həm də ABŞ-də siyasi zorakılığın artması ilə bağlı olduğunu bildirirlər. Məsələ Konqresdə də müzakirə olunur.

Pentaqondan köçlərin hüquqi əsasları və təhlükəsizlik səbəbləri barədə hesabat tələb edilib. Xəbərdə deyilir ki, hərbi evlərdə yaşayan məmurlar ayda 4500 dollardan çox kirayə ödəyirlər. Bu qayda 2008-ci ildə qəbul edilən qanunvericilik dəyişikliyinə əsaslanır.